ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi səhhəti ilə əlaqədar istefaya çıxmaq qərarına gəldiyi barədə bəyanat yayıb.
“ABŞ diplomatik xidmətindən istefamı ürək ağrısı ilə bəyan edirəm. 2023-cü ildə ABŞ Senatı qarşısında dinləməmdə qeyd etdiyim sağlamlıq qayğıları, təəssüf ki, davam etmişdir. Bakıya gəldiyim vaxtdan etibarən xüsusilə minnətdar olduğum Mərkəzi Klinikadakı diaqnostik radiologiya komandasının qayğısı da daxil olmaqla, əla tibbi xidmətdən faydalanmışam. Lakin son test nəticələri göstərir ki, tamamilə öz sağlamlığım üzərində diqqət cəmləmək üçün evə qayıtmaq vaxtıdır. Buna görə də, mən bu son dərəcə məşğul, lakin son dərəcə uğurlu 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacağam. Uğurlu 2025-ci ilə qədəm qoymaq və xərçəng barədə məlumatlandırmanı artırmaq məqsədilə yerdə qalan bir neçə həftəni Azərbaycanda keçirmək niyyətindəyəm”, səfir Libbi bəyanatında qeyd edib.
Səfir Bakıdakı səlahiyyət müddəti ərzində ABŞ Səfirlik komandasının və onun gördüyü işlərlə inanılmaz qürur duyduğunu qeyd edib.
“Biz ingilis dili proqramlarına sponsorluq etməklə, ABŞ-də təhsil alan azərbaycanlıların sayını xeyli artırmaqla, habelə, geniş səpkili ABŞ alimlərinin, idmançılarının və mədəni təmsilçilərinin Azərbaycana səfərlərinə dəstək verməklə xalqlar arasında güclü əlaqələr qurmuşuq. Biz iqtisadi, ələlxüsus, ənənəvi enerjidən bərpa oluna bilən enerjiyə keçid sahəsində daha dərin əməkdaşlıq qurmuşuq. COP29-da uğurlu nəticə əldə etmək üçün bizim sıx əməkdaşlığımız göstərib ki, biz diqqətimizi cəmləşdirdikdə Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri dünyanı daha yaxşıya doğru dəyişmək üçün birgə işləyə bilərlər", o qeyd edib.
Səfirin bəyanatında deyilir ki, Azərbaycanda insan haqlarının qorunmasını təşviq etmək və Cənubi Qafqazda davamlı, layiqli sülhə kömək etmək üçün görüləcək işlər çoxdur.
"Lakin mən inanıram ki, ötən il ərzində bizim ikitərəfli münasibətlərimizdə şahidi olduğumuz çətinliklə qazanılmış irəliləyişlər qarşıdan gələn həftələr, aylar və illərdə bu və digər sahələrdə daha yaxşı və daha uğurlu əməkdaşlığın təməlini qoyur. Mən ABŞ-Azərbaycan münasibətlərinin gələcəyinə böyük nikbinlik hissi ilə buranı tərk edirəm. Mən bu mətin xalqa və Azərbaycanın hər yerində həyat yoldaşım Danusia və mənim qarşılaşdığımız heyrətamiz təbiət gözəlliklərinə və coşqun qonaqpərvərliyə olan böyük sevgi ilə buranı tərk edirəm", səfir Mark Libbi qeyd edib.
Mark Libbinin Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi 25 may 2022-ci ildə irəli sürülüb; onun namizədliyi 8 noyabr 2023-cü ildə təsdiqlənib.
O, 2021-ci ildən 2023-cü ilədək Milli Hərbi Kollecdə dosent və Dövlət Departamentinin akademik məsləhətçisi işləyib.
Səfir Libbi Vaşinqtonda Dövlət Departamentinin Əməliyyatlar Mərkəzində növbətçi əməkdaş, böhranın idarə olunması üzrə əlaqələndirici və direktor müavini, Mərkəzi Avropa Məsələləri idarəsində direktor müavini, Cənubi Avropa Məsələləri idarəsində (Türkiyə, Yunanıstan, Kipr) direktor, Xarici Xidmət İnstitutunda yönləndirmə direktoru işləyib. O həmçinin dövlət katibi Pauelin rəhbərliyi altında Dövlət Departamentinin Katibliyinin sıravi əməkdaşı, dövlət katibi Klintonun rəhbərliyi altında həmin idarənin direktoru işləyib.
Səfir Libby Massaçusettsdəki Tafts Universitetində və Parisdəki Siyasi Tədqiqatlar İnstitutunda (“Sciences-Po”) humanitar elmlər üzrə bakalavr dərəcəsi, Milli Hərbi Kollecdə isə magistr dərəcəsi alıb.