"Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi 2023-2024-cü tədris ili ərzində ABŞ-da 1130 azərbaycanlının təhsil aldığını məmnunluqla bildirir. Bu əvvəlki illə müqayisədə 25,4 faiz çoxdur."
Bu barədə noyabrın 20-də ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən COP29 çərçivəsində gənclərin iqlim fəaliyyətinə cəlb olunmasına həsr olunmuş xüsusi tədbirdə ABŞ səfiri Mark Libbi bildirib.
“Aydındır ki, ABŞ-da təhsil almağı qarşısına məqsəd qoyan azərbaycanlılar arzularını həyata keçirməkdə getdikcə daha çox uğur qazanırlar. ABŞ dünyanın hər yerindən gələn tələbələr üçün ən cəlbedici təhsil məkanıdır. Keçən il orada 210 ölkə və regiondan 1,1 milyondan çox beynəlxalq tələbə təhsil alıb”, səfir Libi qeyd edib.
Səfirlik həmçinin bildirir ki, bir milyondan (1 126 690) çox beynəlxalq tələbə ilə ABŞ-ın beynəlxalq təhsil üçün qlobal miqyasda ən yaxşı istiqamət olduğunu elan etməkdən qürur duyur.
“Beynəlxalq tələbə mobilliyi diplomatiya, innovasiya, iqtisadi rifah və milli təhlükəsizlik üçün mərkəzdir. Dövlət katibi Blinkenin dediyi kimi, “Beynəlxalq mübadilələr kritik məsələlərdə əməkdaşlıq etməyimizə kömək edən yeni əlaqələr yaradır... buna görə də beynəlxalq təhsil diplomatiyamızın və milli təhlükəsizliyimizin mühüm hissəsidir”, ABŞ səfirliyi qeyd edir.
Bu məlumatlar Beynəlxalq Təhsil Mübadiləsi üzrə illik Açıq Qapılar Hesabatında, Beynəlxalq Təhsil İnstitutu (IIE) tərəfindən nəşr olunan beynəlxalq və ABŞ tələbə mobilliyi üzrə yekun sorğuda da əksini tapıb. Hesabat ABŞ Dövlət Departamenti və ABŞ Təhsil Departamenti arasında beynəlxalq təhsilin və mübadilə proqramlarının üstünlüklərini bütün dünyada təşviq etmək üçün birgə təşəbbüs olan Beynəlxalq Təhsil Həftəsi (18-22 noyabr 2024-cü il) ilə birlikdə dərc olunub.
Forum