Accessibility links

ABŞ səfirliyi: Amerika universitetlərinə qəbul üçün SAT imtahanına müraciət edənlərin sayı iki dəfə artıb


Hüqo Qevara və Metyu Çovanek (Mənbə: ABŞ səfirliyi)
Hüqo Qevara və Metyu Çovanek (Mənbə: ABŞ səfirliyi)

Keçən illə müqayisədə bu il ABŞ universitetlərinə qəbul üçün zəruri SAT (Scholastic Aptitude Test) imtahanından keçmək üçün azərbaycanlıların sayı iki dəfə artıb.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, müvəqqəti işlər vəkili Hüqo Qevara Bakıda səfərdə olan Kolleclər Şurasının beynəlxalq şöbəsinin direktoru Metyu Çovanek ilə görüşüb.

“Görüşdə azərbaycanlı tələbələrin SAT imtahanından keçmək və ABŞ-da ali təhsil almağa dair artan marağı müzakirə edilib”, məlumatda qeyd edilir.

Xatırladaq ki, Birləşmiş Ştatlar bütün sahələrdə proqramlar təklif edən 5000-dən artıq təhsil müəssəsi ilə dünyada ali təhsil üzrə aparıcı yer tutur. 175-dən çox ölkə və ərazidə 430-dan çox beynəlxalq tələbə konsultasiya mərkəzi ABŞ-da akkreditə olunmuş orta təhsildən sonrakı müəssisələrdə təhsil almaq imkanları haqqında məlumat təklif edir.

SAT (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir.

ABŞ-ın Azərbaycandakı səfirliyi ötən il noyabrın 13-də bildirib ki, 2022-2023-cü tədris ili ərzində 901 azərbaycanlı ABŞ-da təhsil alır. Bu, əvvəlki illə müqayisədə 23,8 faiz çoxdur.

Bundan öncə isə ABŞ Səfirliyi 2021-2022-ci tədris ilində 728 azərbaycanlı tələbənin xaricdə təhsil almaq üçün ABŞ-ı seçdiyini, bunun 2020-ci illə müqayisədə otuz faizdən çox artdığını xatrıladıb.

2024-cü ilin fevralında ABŞ Təhsilli Azərbaycan Məzunları Assosiasiyasının yaradılmasının 20 illik yubileyində bildirilib ki, yalnız ABŞ hökumətinin maliyyələşdirdiyi mübadilə proqramları vasitəsi ilə 8000-dən çox azərbaycanlı Amerika universitetlərinin məzunu olub.

Forum

XS
SM
MD
LG