Accessibility links

ABŞ-ın Azərbaycandakı səfiri: Sahibkarlıqda düzgün təfəkkür və mühit sənayelərdə inqilab etdi, dünyanı dəyişdi


Səfir Mark Libbi (Mənbə: ABŞ səfirliyi)
Səfir Mark Libbi (Mənbə: ABŞ səfirliyi)

Azərbaycanda “Technovate-Sabah Mələk Investor Klubu” Startap Dünya Kuboku (Startup World Cup) yarışması üçün tədbir keçirib.

ABŞ-ın Azərbyacandakı səfirliyinin məlumatına görə, ötən həftə Azərbaycan və beynəlxalq startapların 100-dən çox nümayəndəsini, dövlət rəsmilərini, təhsil və özəl sektor liderlərini ADA Universitetində bir araya gətirən tədbir keçirilib.

“Beş perspektivli qrup 1 milyon dollarlıq sərmayəni qazanmaq məqsədi ilə qlobal müsabiqədə yarışmaq üçün Kaliforniyaya səyahət etmək şansı ilə öz ideyalarını irəli sürüb. Səfirliyin İqtisadiyyat şöbəsinin müdiri Kortni Brazier də münsiflərdən biri kimi tədbirə qatılıb. Qalib Strakt komandasını - təbrik edirik və Kaliforniyada uğurlar arzulayırıq”, səfirlik bildirir.

Tədbirdə çıxış edən səfir Mark Libbi deyib ki, ABŞ tarixi göstərir ki, yaradıcılıq azad ifadə və yeni ideyaları təşviq edən müxtəlif və canlı mədəniyyətdə inkişaf edir.

“Lakin bu yenilikləri ictimaiyyətə çatdırmaq üçün lazım olan sahibkarlıq ruhu və novatorları oğurluqdan qorumaq üçün korrupsiyadan təmizlənmiş şəffaf hüquq sistemi olmadan innovasiya zəifləyəcək. Mükəmməl ideyaların həyata keçməsi üçün düzgün təfəkkür və mühitlə sahibkarlar sənayelərdə inqilab etdi və dünyanı dəyişdi.

Apple və ya Google kimi Amerika texnoloji nəhənglərinin necə təvazökar startaplar kimi başladığını, lakin nəticədə həyat tərzimizi necə dəyişdirdiyini düşünün”, o qeyd edib.

Sahibkarlıq ruhunu və novatorları oğurluqdan qorumaq üçün korrupsiyadan təmizlənmiş şəffaf hüquq sistemi olmasa innovasiya zəifləyəcək.
Mark Libbi, ABŞ səfiri

Səfir Libbi bildirib ki, ABŞ-ın Bakıdakı səfirliyi böyük irəliləyişlərə səbəb ola biləcək sahibkarlıq düşüncəsininin və fikirlərin sərbəst ifadəsini təşviq etməkdən qürur duyur.

“Biz biznes startapları üzrə təlimlər keçirmək üçün azərbaycanlı və dünya üzrə beynəlxalq həmkarlarımızla əməkdaşlıq edirik. Məhz bu il biz Azərbaycanın kənd yerlərindən olan 100-dən çox qadına biznes planlarını necə tərtib etmək və toxumu maliyyələşdirməyi təmin etmək barədə təlim keçmək imtiyazına malik olduq. Biz həmçinin beş azərbaycanlı startap biznes sahibini və nümayəndələrini ABŞ-a göndərmək üçün Beynəlxalq Ziyarətçi Liderlik Proqramını hazırlayırıq. Bu proqramda onlar sahibkarlıq potensialını inkişaf etdirəcək, təcrübəli ABŞ sahibkarlarından öyrənəcək və uzunmüddətli əlaqələr quracaqlar”, səfir deyib.

ABŞ səfiri hesab edir ki, bu və digər proqramlar Azərbaycanda iqtisadi şaxələndirmə üçün çox vacib olan güclü startap və sahibkarlıq ekosisteminin inkişafına töhfə verəcək.

“Biz Azərbaycanın texniki, elmi-tədqiqat, inkişaf və hüquqi imkanlarını artırdığını görməyə həvəslənirik və hökumətin innovasiyaya təkan verən əlavə islahatlar həyata keçirməsini arzulayırıq. Birləşmiş Ştatlar Azərbaycanda startap ekosisteminin gücləndirilməsinə yardım etmək öhdəliyi götürür və buna görə də biz xarici investisiyaların cəlb edilməsinə kömək edə biləcək digər proqramları dəstəkləyirik”, o qeyd edib.

2023-cü ilin oktyabrında Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə “Technovate – Sabah Mələk İnvestorlar Klubu” Azərbaycanda Mələk İnvestorlar Məktəbinin (Angel Investor School) açıldığını elan edib. Bu məktəbin məqsədi Azərbaycanda mələk investorlara ilk öncə nəzəri, sonra isə onları klub üzvü etməklə praktik biliklər verməkdir. Tədris prosesində mələk investor olmaq istəyənlər ABŞ təlimçilərindən nəzəri bilikləri və təcrübəni mənimsəyir.

Bu il Startap Dünya Kuboku (Startup World Cup) Şimali Amerika, Cənubi Amerika, Avropa, Afrika, Asiya və Avstraliyada 100-dən çox regional tədbir keçirir. Hər bir regional qalib 4 oktyabr 2024-cü ildə ABŞ-da, San-Fransiskoda Silikon Vadisində Böyük Finalda yarışacaq. Böyük Finalın qalibi 1 000 000 ABŞ dolları məbləğində investisiya mükafatı alacaq.

Forum

XS
SM
MD
LG