Azərbaycan Milli Məclisinin 43 deputatı ABŞ-la iki sazişə xitam verilməsi, USAID-nin Azərbaycandakı layihələrinin dayandırılması barədə xarici işlər naziri Ceyhun Bayramova müraciət edib. Deputatlar həmçinin nazir Bayramovdan xahiş edib ki, ABŞ-la yeni müqavilələrin razılaşdırılması və qüvvədə olan müqavilələrin uzadılması üzrə danışıqları dərhal dayandırsın.
Milli Məclisin deputatlarının müraciəti ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün Dövlət kaitbi Antoni Blinkenə müraciətindən sonraya təsadüf edir. Həmin müraciətdə Bakıda təşkil olunacaq BMT iqlim dəyişikliyi üzrə konfransı ərəfəsində Azərbaycan hökumətinə bütün siyasi məhbusların, o cümlədən erməni əslli şəxslərin sərbəst buraxılması üçün təzyiq göstərilməsinə çağırılır.
Milli Məclisin deputatları öz müraciətlərində Birləşmiş Ştatları Azərabaycana qarşı qərəz nümayiş etdirməkdə ittiham ediblər.
“ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi Antoni Blinkenə göndərdiyi müraciət də bu qəbildəndir. Açıq şəkildə bildirmək lazımdır ki, sözügedən müraciətin Dövlət Departamenti tərəfindən təşkil edildiyinə dair şübhəmiz yoxdur”, sənəddə qeyd edilir.
Deputatlar ABŞ Senatının və Nümayəndələr Palatasının üzvlərinin insan hüquqları və beynəlxalq humanitar hüquqa riayət edilməsi sahəsində Azərbaycana iradlarını “saxta əsaslar” adlandırır.
Müraciətdə deyilir ki, Minsk Qrupunun həmsədri olan ABŞ Fransa ilə birlikdə Azərbaycan torpaqlarının işğal altında qalmasına çalışıb.
“ABŞ-ın gözü qarşısında vaxtilə işğal edilmiş ərazilərdə Azərbaycan xalqının mədəni irsi, məscidləri, tarixi abidələri dağıdılmış, təhqir edilmiş, bütöv şəhərlər və kəndlər yer üzündən silinmişdir. ABŞ Ermənistanın bu barbarlıq əməllərini heç vaxt pisləməmişdir”, sənəddə qeyd edilir.
Deputatlar nazir Bayramovdan Azərbaycan və ABŞ arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi üçün xahiş edərək ölkələr arasında imzalanmış bir sıra anlaşmaların ləğvinə, ABŞ hökuməti tərəfindən maliyyələşən layihələrin dayandırılmasına çağırıblar.
Azərbaycan Xarici İşlər Nazirliyi Milli Məclisin deputatlarının müraciətinə hələ münasibət bildirməyib.
Oktyabrın 3-də ABŞ-ın 58 qanunvericisi Dövlət Katibi Antoni Blinkendən Azərbaycan Prezidenti İlham Əliyevdən gələn ay keçiriləcək COP29 iqlim sammiti ərəfəsində insan hüquqları ilə bağlı təzyiq göstərməyi xahiş edib.
Reuters agentliyinin məlumatına görə, 10 senator və 48 konqresmen Blinkeni Azərbaycanı siyasi məhbusları azad etmək üçün “məqsədli tədbirlər” görməyə məcbur etməyə və “sülh danışıqlarını pozmaq riski ilə üzləşən” Ermənistana qarşı bəyanatları pisləməyə çağırıblar.
“Biz Dövlət Departamentini COP29-da uğurlu diplomatiya üçün daha əlverişli şərait yaratmaq üçün bütün siyasi məhbusların, girovların və hərbi əsirlərin, o cümlədən etnik ermənilərin dərhal və qeyd-şərtsiz azad edilməsi üçün təzyiq göstərməyə çağırırıq”, məktubda deyilir.
Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Zəngilan rayonunda sakinlərlə görüşündə ABŞ konqresmenlərinin müraciətinə münasibət bildirib.
"Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır", o qeyd edib.
Yerli hüquq-müdafiə təşkilatları Azərbaycanda 319 nəfəri siyasi məhbus kimi tanıyıb. Siyasi məhbus kimi tanınan şəxslərin 18 nəfəri jurnalistlər və blogerlər, 3 nəfəri hüquq müdafiəçiləri, 30 nəfəri müxalif partiya və ictimai təşkilatların üzvləridir.
Rəsmi Bakı siyasi məhbus kimi tanınan şəxslərlə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların təmin edildiyini bəyan edir.
Erməni rəsmi mənbələri hazırda Azərbaycanda 23 nəfər erməni əsilli insanın həbsdə olduğunu bildirir. Azərbaycan tərəfi həbsdə olan erməni əsilli insanların sayı barədə məlumat vermir. Rəsmi orqanlar Azərbaycanda hərbi əsirlərin olmadığını, həbsdə olan erməni əsilli insanların konkret cinayət əməllərinə görə ittiham edildiyini bildirir.