Accessibility links

Abzas Media “Azad Media” mükafatına layiq görülüb


Abzas Media-nın loqosu
Abzas Media-nın loqosu

Korrupsiya araşdırmaları ilə tanınan və hazırda 6 əməkdaşı həbsdə olan Abzas Media nəşri “Azad Media” mükafatına layiq görülüb.

Norveçin Fritt Ord və Almaniyanın ZEIT fondu tərəfindən verilən “Azad Media” mükafatı hər il Şərqi Avropada keyfiyyəti, peşəkarlığı və cəsarəti ilə seçilən jurnalistlərə və media qurumlarına təqdim edilir.

Mükafat komitəsinin yaydığı məlumatda Abzas Medianın “qətiyyətli və sistemli şəkildə apardığı korrupsiya araşdırmalarına görə” mükafata layiq görüldüyü bildirilir.

Komitə qeyd edir ki, 2016-cı ildə bir qrup gənc fəal və jurnalist tərəfindən yaradılan Abzas Media qısa zamanda sosial mediada geniş auditoriya toplayıb, hökumətdə korrupsiya hallarına dair araşdırmaları ilə məşhurlaşıb, Qarabağda yenidənqurma işləri ilə bağlı dövlət satınalmalarına diqqət çəkib.

Bununla yanaşı, məlumatda Abzas Media jurnalistlərinin həbsi, nəşrin fəaliyyətini ölkə xaricində davam etdirməli olduğu vurğulanır.

“Azad Media” mükafatının builki laureatları arasında Abzas Media ilə yanaşı Ukraynanın “Bihus.Info” nəşri, gürcüstanlı jurnalist Nastasia Arabuli, belarusiyalı jurnalist Larisa Şirakova, rusiyalı jurnalist və redaktor Mixail Afanasyev və macar jurnalist və redaktor Sabolç Panyi yer alır.

Abzas Media bundan əvvəl bu ilin martında Çexiyada “People in Need” təşkilatının “Homo Homini” insan hüquqları mükafatına layiq görülüb.

2023-cü ilin noyabrından başlayaraq “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə həbs edilən Abzas Medianın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova, habelə nəşrlə əməkdaşlıq edən araşdırmaçı jurnalist Hafiz Babalıya qarşı son günlərdə Cinayət Məcəlləsinin yeddi yeni maddəsi ilə ittiham irəli sürülüb.

Jurnalistlər itthamları qəti şəkildə rədd edir və həbslərinin fəaliyyətləri, xüsusən də korrupsiya araşdırmaları ilə bağlı olduğunu vurğulayırlar.

Bugünədək ABŞ da daxil olmaqla bir sıra dövlətlər, çoxsaylı beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini tənqidi səslərə qarşı siyasi təqibləri dayandırmağa, həbs edilən jurnalistləri və fəalları azad etməyə çağırıb.

Ötən həftə Birləşmiş Millətlər Təşkilatının (BMT) Hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Meri Loulor Azərbaycanda hüquq müdafiəçiləri və jurnalistlərin saxlanılması və ittiham olunmasından ciddi narahatlığını bildirib.

Rəsmi Bakı isə bu cür çağırışları və tənqidləri “Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə” kimi qiymətləndirir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini qeyd edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG