Azərbaycan ilə İran arasında aparılmış danışıqlar nəticəsində iyulun 15-dən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Hazırda səfir və səfirliyin heyəti İrana geri dönüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, İran tərəfi akkreditasiya ölkəsi kimi “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası” çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq, səfirliyin yeni binasının qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib.
“Hal-hazırda İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək”, Xarici İşlər Nazirliyi bildirir.
Xarici İşlər Nazirliyi hesab edir ki, səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək.
2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.
İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.
Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.
Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.
Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.
Bununla yanaşı həbs edilmiş şəxslə bağlı məhkəmə qərarı və qərarın icrası ilə barədə hələ rəsmi məlumatlar yayılmayıb.
Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.
Eyni zamanda son aylarda iki ölkənin xarici işlər nazirləri problemlərin həlli istiqamətində çoxsaylı telefon danışıqları aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti, Azərbaycan xarici işlər naziri isə İran Prezidenti tərəfindən qəbul edilib. İki ölkənin rəsmiləri qarşılıqlı səfərlər edib.
Ötən ildən başlayaraq Azərbaycan və İran sərhəd-keçid məntəqlərinin, körpülərin, İran ərazisi vasitəsi ilə Azərbaycanla onun Naxçıvan Muxtar Respublikasını birləşdirəcək dəmir və avtomobil yollarının tikintisi barədə razılıqlar əldə edib.
Bu il mayın 19-da Azərbaycan-İran sərhəddində, Araz çayı üzərində tikilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan və İran prezidentləri İlham Əliyev və Seyid İbrahim Rəisi iştirak edib. İştirakdan sonra İrana qayıdarkən helikopterin qəzaya uğraması nəticəsində bu ölkənin prezidenti və xarici işlər naziri daxil olmaqla bir neçə vəzifəli şəxsi həlak olub.
Nəhayət Azərbaycan Prezidenti İlham Əliyev yeni seçilmiş Prezident Məsud Pezeşkiyanı təbrik edib və iyulun 9-da iki ölkənin prezidenti arasında telefon danışığı olub. Hər iki prezident bir-birini ölkəsinə səfərə dəvət edib və dəvət qəbul edilib.
İranda Azərbaycan səfirliyinin fəaliyyətini bərpa etməsi iki ölkə prezidentlərinin telefon danışığından sonraya təsadüf edir.