İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumundan sonra İran parlamentinin üzvü Cəlal Rəşidi Kuçi özünün X sosial media hesabında Azərbaycana qarşı təhdid ifadə edərək, “sionistlərin” diplomatik nümayəndəliyinə açıq və birbaşa hücumu təklif edib.
“Sionistlərin hər hansı ad altında İran torpağına hərbi hücumuna qəti və eyni şəkildə cavab verməkdə gecikmə, səbr və tərəddüd İranın böyük adının nüfuz və şərəfinə ağır zərbə vurmağa bərabərdir.
Mənim təklifim odur ki, region ölkələrinin birində, daha yaxşı olar ki, Azərbaycanda olan sionist diplomatik mərkəzlərindən birinə açıq və birbaşa hücum edək,” deputat Cəlal Rəşidi Kuçi aprelin 2-də X platformasında yazıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi Amerikanın Səsinin İran parlamentinin deputatının dedikləri ilə bağlı sorğusuna “bu məsələni şərh etmirik” cavabını verib.
İsrailin Azərbaycandakı səfirliyi isə Amerikanın Səsinə bildirib ki, səfirlik təhlükəsizlik məsələlərinə münasibət bildirmir. Bununla bərabər səfirlik əlavə edib ki, onları öz iş rejimində heç bir dəyişiklik etməyiblər və normal rejimdə fəaliyyətlərini davam etdirirlər.
Xatırladaq ki, aprelin 2-də ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Abram Peyli Azərbaycanda, həmçinin Cənubi Qafqaz ölkələrinin digər paytaxtlarında səfərdə olub.
O, Bakı, Tbilisi və Yerevanda yüksək səviyyəli rəsmilərlə görüşlər keçirib.
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi səfərinin yekunlarına dair X platformasındakı hesabında bildirib ki, Cənubi Qafqaza konstruktiv bir səfər edib.
“İran rejimini, sanksiyaları, bu rejimin sabitliyi pozan hərəkətlərinin aradan qaldırılması səylərini müzakirə etmək üçün yüksək vəzifəli məmurlar və özəl sektorun nümayəndələri ilə görüşdüm", o qeyd edib.
ABŞ rəsmisi Bakıda Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüşüb.
Qeyd edək ki, Azərbayan və İran arasında diplomatik münasibətlər gərgin olaraq qalır. 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra Azərbaycan diplomatik missiyasını birtərəfli qaydada geri çağırıb və İrandakı səfirliyin işi hələ də bərpa olunmayıb.
Forum