ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Abram Peyli Cənubi Qafqaz paytaxtlarında regional səfərdə olub.
O, Bakı, Tbilisi və Yerevanda yüksək səviyyəli rəsmilərlə görüşlər keçirib və danışıqlar aparıb.
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi aprelin 1-də səfərin yekunlarına dair X platformasındakı hesabında görüşlər barədə açıqlama verin.
"Cənubi Qafqaza konstruktiv bir səfər idi. İran rejimini, sanksiyaları, bu rejimin sabitliyi pozan hərəkətlərinin aradan qaldırılması səylərini müzakirə etmək üçün yüksək vəzifəli məmurlar və özəl sektorun nümayəndələri ilə görüşdüm", o qeyd edib.
ABŞ rəsmisi Bakıda Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüşüb.
Bu səfərlə bağlı Azərbaycanın rəsmi qurumları hələlik açıqlama verməyib
Peylinin bu açıqlamasına İranın Azərbaycandakı səfirliyi tərəfindən də hələlik münasibət bildirilməyib.
Birləşmiş Ştatlarla İran arasında əlaqələr 1979-cu ildə qərbyönlü İran şahının devrildiyi inqilabın ardınca İslam inqilabçılarının ABŞ-ın Tehrandakı səfirliyini ələ keçirərək, diplomatları 444 gün müddətinə girov götürməsindən sonra kəsilib.
İranın Vaşinqtondakı maraqlarını təmsil edən konsulluq bölməsi rəsmi olaraq Pakistan bayrağı altında fəaliyyət göstərir.
Razılığa əsasən Birləşmiş Ştatlar BMT-yə ev sahibi edən ölkə kimi bütün üzv dövlətlərin nümayəndələrinin Nyu-Yorka gəlməsinə icazə verir, lakin düşmən hesab edilən bəzi dövlət rəsmilərinin şəhərdən kənarda hərəkətini məhdudlaşdırır.
İran nüvə proqramı və raket istehsalı imkanları ilə bağlı bir çox sanksiyalarla üzləşir.
Birləşmiş Millətlər Təşkilatının nüvə proqramına nəzarət edən Beynəlxalq Atom Enerjisi Agentliyi İranı onun nəzarət cəhdlərinə mane olmaqda ittiham edib. İran uzun illərdir nüvə silahı hazırladığına dair iddiaları təkzib edir və nüvə fəaliyyətinin yalnız enerji istehsalı və tibb kimi dinc məqsədlərə yönəldiyini deyir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) baş direktoru keçən il İranın bir neçə nüvə bombası üçün kifayət qədər zənginləşdirilmiş uran və materiallara malik olduğu barədə xəbərdarlıq etmişdi.
Forum