Accessibility links

İranın Dəməşqdəki konsulluğu dağıdılıb, buna İsrailin hava hücumunun səbəb olduğu deyilir


İranın Suriyanın paytaxtı Dəməşqdəki konsulluğu bazar ertəsi günü dağıdılıb. Suriya və İran mediası bunun İsrailin hava hücumu nəticəsində olduğunu bildirib və İsrailin İran və onun müttəfiqlərinə qarşı addımlarının Yaxın Şərqdə münaqişənin kəskin şəkildə genişləndirməsi kimi qiymətləndirib.

Reuters agentliyinə danışan Livan təhlükəsizlik mənbəyinin bildirdiyinə görə, ölənlərdən biri İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) yüksək səviyyəli komandiri Məhəmməd Rza Zahedidir. İran dövlət televiziyası bir neçə iranlı diplomatın öldürüldüyünü bildirib.

Suriya paytaxtının Mezzəh rayonunda hadisə yerində olan Reuters müxbirləri dağıdılmış binadan tüstü qalxdığını və qarşısında təcili yardım maşınlarının dayandığını görüb. Dağıntıların qarşısında dirəkdən İran bayrağı asılıb. Suriya və İranın xarici işlər nazirləri hadisə yerində görüntülənib.

Qəzzada altı ay davam edən müharibə zamanı dəfələrlə İran hədəflərini vuran İsrail adi praktikasında olduğu kimi, hadisə ilə bağlı şərh verməkdən imtina edib. İsrail ordusunun sözçüsü "Biz xarici medianın yaydığı xəbərləri şərh etmirik deyib.

İranın Tasnim xəbər agentliyi İsrailin hücumu nəticəsində 5 nəfərin öldüyünü bildirib. Suriyanın SANA dövlət xəbər agentliyinin məlumatında ölən və yaralananların sayının dəqiqləşdirilmədiyini deyilib.

Suriya dövlət televiziyası konsulluq binasına hücum edildiyini təsdiqləyib. Bundan əvvəl İran mediası səfirliyə yaxın binanın vurulduğunu, İranın tələbə xəbər agentliyi isə hədəfin konsulluq və səfirin iqamətgahı olduğunu yazıb.

Forum

XS
SM
MD
LG