Accessibility links

Azərbaycan və İran regional təhlükəsizlik məsələlərini müzakirə edib


Müdafiə nazirinin müavini İranda səfərdədir (foto: Azərbaycan MN)
Müdafiə nazirinin müavini İranda səfərdədir (foto: Azərbaycan MN)

Azərbaycan müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı Kərəm Mustafayev İrana rəsmi səfər edib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, səfər çərçivəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Əziz Nəsirzadə və digər hərbi rəhbərlərlə görüşlər keçirilib.

Görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sədrəddin Soltan
Sədrəddin Soltan

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə bildirib ki, iki ölkənin hərbi rəhbərlikləri arasında əvəllər də görüşlər olub.

"Əvvəllər hətta Azərbaycanın müdafiə naizri İranda, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi isə Azərbaycanda səfərdə olub. Səfərlər tərəflər arasında hərbi sahədə davamlı təmasın göstəricisidir", o qeyd edib.

Təhlilçinin fikrincə, Azərbaycan tərəfinin İranın regiona hərbi yanaşması ilə bağlı bir sıra sualları və iradları var. Eləcə də İranı Azərbaycanla bağlı bu istiqamətdə düşündürən bəzi məqamlar var.

"Məsələn, Azərbaycanı İran-Ermənistan hərbi əməkdaşlığı maraqlandırır. Hesab edirəm ki, Azərbaycan tərəfinin İran hərbi rəsmisinə verdiyi suallardan biri budur, İran-Ermənistan hərbi əməkdaşlığının perspektivi və sair. İran tərəfini isə narahat edən məsələ Azərbaycan-ABŞ, Azərbaycan-NATO və Azərbaycan-İsrail münasibətləridir. Heç şübhəsiz İran tərəfi son zamanlar Azərbaycanı daim İsrail məsələsində, İsraillə əməkdaşlığa görə yersiz ittiham edir. Hesab edirəm ki, İran tərəfi İsraildən gələn təhlükələrin qarşısını almaq üçün Azərbaycanla danışıqlar aparır. İran əmin olmağa çalışır ki, Azərbaycandan belə bir təhdid onu gözləmir. Belə danışıqlar əvvəllər də olub. Amma indi regiondakı durum bu məslələnin yenidən aktuallığını artırıb", Sədrəddin Soltan qeyd edib.

İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla, Azərbaycan isə qarşılıqlı olaraq İranla sərhəddə hərbi təlimlər keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub, nəticədə diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb.

Azərbaycan prezidenti İlham Əliyev silahlı basqını terror aktı kimi qiymətləndirib.

Bununla yanaşı son aylarda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində bir neçə telefon danışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti, Azərbaycan xarici işlər naziri isə İran Prezidenti tərəfindən qəbul edilib. İki ölkənin rəsmiləri qarşılıqlı səfərlər edib.

Ötən il oktyabrın 6-da Azərbaycanla İranın sərhədindəki Ağbənd bölgəsində (Azərbaycanın Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılıb. Elə həmin gün Azərbaycanla bu ölkənin Naxçıvan Muxtar Respublikasını birləşdirəcək İran tərəfinin Araz dəhlizi adlandırdığı (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün layihələri razılaşdırılıb.

Forum

XS
SM
MD
LG