Accessibility links

İranın İsrailə raket hücumuna Azərbaycandan baxışlar


İranın İsrailə raket və PUA-larla hücumu bu ölkənin qonşusu, İsrailin tərəfdaşı olan Azərbaycanda diqqətlə izlənilir. Bu hadisə ölkənin ictimai-siyasi mühitində müzakirə edilən əsas məslələrdən biridir.

İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, İran İsrailə PUA-larla hücum edib.

“İsrail Müdafiə Qüvvələri (IDF) Israil doğru uçan 300-ə yaxın İran mərmisinin 99 faizini zərərsizləşdirib. İran İsrailə doğru 170 pilotsuz uçuş aparatı buraxıb, onların heç biri İsrail sərhədlərinə çatmayıb. Onlar müttəfiqləri ilə birlikdə İsrail hərbçiləri tərəfindən vurulub. Bundan əlavə, İran İsrailə 30 qanadlı raket atıb və İsrail ordusu onlardan 25-nin qarşısını ala bilib. İran İsrailə həmçinin 120 ballistik raket atıb. Onlardan bəziləri İsrailin raketdən müdafiə sistemini aşaraq Nevatim aviabazasına uçub”.

Ordu sözçüsü bildirib ki, bazaya cüzi ziyan dəyib.

“Pilotsuz uçuş aparatlarının və raketlərin bəziləri İraq və Yəməndən İsrailə atılıb, lakin onlar İsrail dövlətinin hava məkanına keçməyib”, o qeyd edib.

İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri aprelin 14-də deyib ki, İranın İsrailə qarşı əməliyyatı başa çatıb.

“Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə, gələcəkdə də hərəkətə keçməyə hazırdır”, o qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərin narahatdır.

“Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da destabilləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq”, nazirlik X Platformaında qeyd edib.

Sədrəddin Soltan
Sədrəddin Soltan

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə bildirib ki, İranın İsrailə PUA-lar və raketlərlə hücumu regionda vəziyyəti dəyişməyəcək.

“Əksinə əvvəllər İran proksi qüvvələrlə (ünvanı dəyişdirilmiş qüvvələrlə savaş-red) İsrailə qarşı mübarizə, müharibə aparırdısa, indi İranın özünü gizlətmə pərdəsi aradan götürülüb. Artıq Tehran hakimiyyəti İsrailə qarşı birbaşa hücum edir. Eləcə də İsrail əvvəllər İranin Suriya, Yəmən, İraq, Livan və başqa ölkələrdəki qüvvələrinə zərbələr endirirdisə, bundan sonra həm İsrailin, həm də İsrailin hədəf obyektləri dəyişəcək və genişlənəcək. Yəni İran bundan sonra birbaşa İsraili vurmağa cəhd göstərəcək, İsrail isə İranın həm regiondakı mövqelərini, həm də İranın hərbi və nüvə obyektlərinə birbaşa zərbələr endirəcək”, o qeyd edib.

Təhlilçi hesab edir ki, İranın İsrailə hücumu Yaxın Şərqdə gərginliyin daha da dərinləşməsinə səbəb olacaq.

“İran-İsrail hərbi qarşıdurması Fələstin dövlətinin yaranmasını, HƏMAS və ona oxşar qüvvələrin regiondan sıxışdırılıb çıxarılması məsələlələrini kölgədə qoyacaq. Bu sübut edir ki, regionda nə HƏMAS, nə Hizbullah, nə İslam Müqavimət Hərəkatında fəaliyyət göstərən müxtəlif qruplaşmalar, Zeynəbuyun, Fatimiyun, Həştşəbi, eləcə də Husilər özbaşına və təkbaşına deyil. Bütün bu tip qüvvələrin arxasında İran dayanır və hədəf birbaşa seçilir. Hədəfin birbaşa seçilməsi həm də regionda beynəlxalq güclərin savaşını gücləndirəcək”.

O hesab edir ki, İranın İsrailə atdığı raketlər təkcə İran-İsrail münasibəti deyil.

“Bu həm də ABŞ-a, Böyük Britaniyaya və onların müttəfiqlərinə İranı dəstəkləyən güclərin - Rusiyanın, Çinin, Şimali Koreyanın atdığı raketlər hesab edilir. Ona görə bu baxımdan beynəlxalq güclərin münasibəti daha da sərtləşəcək. Bu hətta Ukrayna-Rusiya cəbhəsinə də çox mənfi tədbir göstərəcək”, Sədrəddin Soltan Amerikanın Səsinə bildirib.

Natiq Cəfərli
Natiq Cəfərli

Respublikaçı Alternativ (REAL) Partiyasının katibi Natiq Cəfərli İran-İsrail münasibətlərində eskalasiyanın “böyük müharibəyə” çevrilməsinin qarşısının alınmasının vacib olduğunu hesab edir.

“İran qabağından yemədi, cavab verdi (güya), imicini qorudu. Özü də əvvəlcədən hara, nə qədər, hansı model PUA və raketlərlə "zərbə" endirəcəyini elan etməklə bu addımı atdı. Bölgədəki "proksiləri" də, işin içində olduğunu, onların sözünə baxdığını göstərdi və elan etdi ki, bununla da onlar daha heç bir addım atmayacaqlar. İsrail Qəzzada etdiklərinə görə itirməkdə olan beynəlxalq dəstəyini bərpa etdi, atdığı addımlara legitimlik qazandırdı, daxildə dəstəyi azalan indiki hökumət atılan 99 faiz PUA və raketləri "məhv" edərək daxildə nüfuzunu "təmir" etdi. ABŞ da İran və İsrail arasında yaxşı moderatorluq edib, hələ də dünyada əsas rejissor olduğunu göstərdi”, o qeyd edib.

Cəfərli hesab edir ki, hətta hücumun zamanı da razılaşdırılıb - şənbədən bazara keçən gecə, “yəni, dünya birjaları qapalı olan zaman baş verdi ki, neft və digər məhsullarda ciddi qiymət artımı olmasın və bunun tamaşa olması, bir daha deyim ki, yaxşıdır, deməli hələ dünyada diplomatiya ölməyib”, o bildirib.

Şahin Cəfərli
Şahin Cəfərli

Siyasi şərhçi Şahin Cəfərli bildirib ki, İranın gecə əməliyyatında bir daha sübut olundu ki, İran hansısa dini fanatiklər tərəfindən yox, tamamilə praqmatik və ayıq hesablamalarla hərəkət edən zehniyyət tərfindən idarə olunur.

“İran hərbi gücünü nə qədər artırsa da, hələ ki İsraillə savaşda onu üstələyəcək qüdrətə çatmayıb. İran və ABŞ-ın bu sahədə müqayisəsi isə gərəksiz və gülünc işdir”, o qeyd edib.

Forum

XS
SM
MD
LG