Accessibility links

İran Xarici İşlər Nazirliyi: Azərbaycan-İran münasibətləri yaxşı istiqamətdədir


Naser Kanani (Rəsmi foto)
Naser Kanani (Rəsmi foto)

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani noyabrın 27-də mətbuat konfransında Azərbaycan-İran münasibətlərinin yaxşı istiqamətdə olduğunu deyib.

“Münasibətlərimiz yaxşı istiqamətdədir. Əməkdaşlıq irəliləyir, qənaətbəxşdir. Həm də əməkdaşlığı davam etdirmək iradəsi var," o, qeyd edib.

Son zamanlar Azərbaycanın yerli siyasi təhlilçiləri və politoloqlar Azərbaycan və İran arasında münasibətlərdə müəyyən yumşalmaların olduğunu deyir. Onlar hesab edir ki, bu yaxınlaşmalar İranın Cənubi Qafqazda söz sahibi olmasına can atmasıdır.

Siyasi təhlilçi Nəsimi Məmmədli İran Xarici İşlər Nazirliyinin sözçüsünün çıxışını şərh edərək bildirib ki, Rusiyanın Cənubi Qafqazda mövqeyi zəiflədikcə İran regionda geosiyasi rəqabətə daha da meyllənir.

“İranın Cənubi Qafqazda ən gərgin, barışmaz münasibətlərdə olduğu yeganə dövlət Azərbaycan idi. Bu reallığı nə İran, nə də Azərbaycan qısa zamanda dəyişə bilər. İranla Azərbaycan arasında dərin strateji ziddiyyətlər var. Mövcud geosiyasi proseslərin təsiri ilə yaranan taktiki yaxınlıq müvəqqətidir. İran bu fürsətdən maksimum yararlanmağa çalışır. İran ABŞ-la Azərbaycan arasında soyuq münasibətlərin dərinləşməsində maraqlıdır. Hər əlverişli fürsət düşəndə bu istiqamətdə müəyyən qızışdırıcı addımlar atır ", o bildirib.

Məmmədlinin fikrincə, hazırda İran bəzi regional məsələlərdə Azərbaycanla ortaq mövqedə olduqlarını qabartmaqla ABŞ-Azərbaycan münasibətlərinin pozulmasına ümid edir.

“Azərbaycanın təhlükəsizliyinin əsas qarantı NATO üzvü olan Türkiyədir. İranla münasibətlər iqtisadi-ticarət, kommunikasiya məsələləri üzərindədir. ABŞ-ın Azərbaycan-İran münasibətlərinə qarışması ilə bağlı deyilənlər reallığı əks etdirmir”, siyasi təhlilçi əlavə edib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub. Basqın nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev silahlı basqını terror aktı kimi qiymətləndirib.

Basqından sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqını qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə basqını pisləyib, diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.

Forum

XS
SM
MD
LG