Vedant Patel: ABŞ Ermənistan və Azərbaycanın layəqətli sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyir

Vedant Patel (Mənbə: Dövlət Departamenti)

Aprelin 17-də ABŞ Dövlət Departamenti Rusiya qoşunlarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması haqqında məlumatlara münasibət bildirib.

"Düzünü desək, biz Rusiya ordusunun dinc və sabit Cənubi Qafqaz regionunun yaradılmasına töhfə verdiyini göstərəcək heç nə görmədik və keçən il payızda Dağlıq Qarabağda baş verən hadisələr bu baxımdan çox əlamətdardır. Bu, Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının açıq-aşkar nümunəsidir", Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ənənəvi brifinqdə Turan agentliyinin sualına cavabda bildirib.

"Bildiyiniz kimi, biz 2020-ci ildə Dağlıq Qarabağda hərbi əməliyyatlara son qoyan və bu regiona Rusiya qoşunlarını yerləşdirən üçtərəfli sazişin iştirakçısı deyilik. Lakin biz Ermənistanın və Azərbaycanın möhkəm və layəqətli sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyirik və bu prosesə kömək etməyi davam etdirməyə hazırıq", Patel qeyd edib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci ildə 44 gün davam edən müharibədən sonra noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Qarabağın erməni əhalisi yaşadığı ərazidə Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib. Sənəddə Rusiya sülhməramlıları 2025-ci ilin noyabrınadək Azərbaycan ərazisində qalacağı nəzərdə tutulub.

2023-cü il sentyabrın 19-20-də keçirilən hərbi əməliyyatdan sonra Qarabağın erməni əhalisinin yaşadığı əraziyə nəzarət Azərbaycan ordusuna keçib. Növbəti iki həftə ərzində Qarabağda yaşayan erməni əhalisinin böyük əksəriyyəti - verilən məlumatlara görə 100 mindən çox insan Ermənistana üz tutub.

Aprelin 17-də Azərbaycan Prezidentinin köməkçisi və Rusiya Prezidentinin mətbuat xidməti Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması prosesinin başlandığını bildiriblər.

“2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev AZƏRTAC Dövlət agentliyinə bildirib.

Eyni zamanda aprelin 17-də Kreml Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib.

"Bəli, bu, həqiqətən də belədir", Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən TASS agentliyi məlumat yayıb.

Aprelin 17-də həmçinin sosial şəbəkələrdə Rusiya bayraqları altında 20 zirehli transportyor, onlarla benzindaşıyan və yük avtomobilindən ibarət kolonun Qarabağdan çıxmasına dair video görüntülər yayılıb.