Accessibility links

Tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxıldı, Qarabağı tərk edən ermənilərin sayı 70 mini keçdi


Ermənistana yola düşən Qarabağ sakinlərini daşıyan maşınlardan ibarət tıxac.
Ermənistana yola düşən Qarabağ sakinlərini daşıyan maşınlardan ibarət tıxac.

Rusiyanın RIA Novosti xəbər agentliyinin Ermənistan rəsmilərinə istinadən bildirdiyinə görə, sentyabrın 28-i yerli vaxtla 14:00-a olan məlumata əsasən Laçın sərhəd buraxılışı məntəqəsi ilə ölkəyə keçən Qarabağın erməni sakinlərinin sayı 70 min 500 nəfər təşkil edib.

“Yaxın günlərdə Dağlıq Qarabağda erməni qalmayacaq”. Bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan cümə axşamı Rusiyanın Interfax xəbər agentliyinə müsahibəsində bildirib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov sentyabrın 28-də Reuters xəbər agentliyinə müsahibəsində Azərbaycanın Qarabağ ermənilərinin kütləvi köçünü istəmədiyini və heç kimi bölgəni tərk etməyə təşviq etmədiyini bildirib.

Bu arada Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Qarabağdakı humanitar vəziyyəti yaxından izlədiyini bildirib. Peskov əlavə edib ki, Rusiyanın sülhməramlı kontingenti bölgədəki insanlara dəstək göstərir. Jurnalistlərin suallarına cavab verən sözçü prezident Vladimir Putinin Ermənistana səfər etmək planı olmadığını bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller sentyabrın 27-də jurnalistlərin qarşısında keçirdiyi brifinq zamanı ABŞ Azərbaycan hökumətinin beynəlxalq müşahidə missiyasına açıq olacağı ilə bağlı dünənki mövqeyini alqışladığını bildirib.

“Bu, Dövlət katibinin Prezidenti sövq etməyə çalışdığı bir şeydir və biz onun bununla razılaşdığını görməkdən məmnunuq. Yaxın günlərdə müttəfiqlərimiz və tərəfdaşlarımızla bu missiyanın necə görünəcəyini dəqiq müəyyən etmək üçün işləyəcəyik. Lakin bizim görmək istədiyimiz son nəticə tərəflərin danışıqlar masasına qayıdışıdır, orada onlar son nəticədə layiqli, davamlı sülhə nail ola bilərlər”, mətbuat katibi qeyd edib.

“Dağlıq Qarabağ Respublikası” buraxıldı

Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikasının” prezidenti Samvel Şahramanyan sentyabrın 28-də "Dağlıq Qarabağ Respublikasının" mövcudluğuna son qoyulmasını nəzərdə tutan fərman imzalayıb. Sənədə görə, rejimin bütün “dövlət qurumları” və “təşkilatları” 1 yanvar 2024-cü il tarixinədək buraxılacaq.

“Dağlıq Qarabağın əhalisi, o cümlədən respublikadan kənarda yerləşən əhali bu fərman qüvvəyə mindikdən sonra gələcəkdə Qarabağda yaşamaq barədə müstəqil və fərdi qərar qəbul etmək üçün Azərbaycan Respublikasının təqdim etdiyi “Dağlıq Qarabağda qalma (qayıtmaq) mümkünlüyü haqqında” reinteqrasiya şərtləri ilə tanış olsunlar” - fərmanda deyilir.

Tanınmamış “Dağlıq Qarabağ Respublikası” 10 dekabr 1991-ci ildə yerli azərbaycanlıların boykot etdiyi və yalnız erməni sakinlərin qatıldığı referendumdan sonra 6 yanvar 1992-ci ildə elan edilib. Dağlıq Qarabağ Ermənistan da daxil olmaqla heç bir ölkə tərəfindən tanınmayıb.

Ruben Vardanyana qarşı ittiham elan olunub

Ermənistan vətəndaşı Ruben Vardanyan Azərbaycan Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən bir gün öncə Laçın sərhəd buraxılış məntəqəsində saxlandıqdan sonra sentyabrın 28-də ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub. Onun barəsində dörd ay həbs-qətimkan tədbiri seçilib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin verdiyi məlumata görə, Ruben Vardanyan “terrorçuluğu maliyyələşdirmə”, “qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə” və “Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə” maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsində ittiham edilir

Vardanyanın həyat yoldaşı Veronika Zonabend çərşənbə günü verdiyi açıqlamada erməni ictimaiyyətini ərinə dəstək olmağa çağırıb: “On aylıq blokada dönəmində Ruben Artsax xalqı ilə çiyin-çiyinə dayanaraq məşəqqətlərə dözüb və onlarla birlikdə yaşamaq uğrunda döyüşüb.”

İttihamlar sübut olunarsa Vardanyanı 30 ilədək həbs gözləyir.

Ruben Vardanyan 2022-ci ilin noyabrında tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın dövlət naziri təyin edilib, 2023-cü ilin fevralında vəzifəsindən kənarlaşdırılıb. O, Rusiyada fəalliyyət göstərən “Troyka Dialoq” şirkətinin təsisçisi və “Skolkovo” idarəetmə məktəbinin prezidentidir. Vardanyan 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçüb.

Forum

XS
SM
MD
LG