Accessibility links

Qarabağ erməniləri humanitar yüklərin Laçın və Ağdam yolu ilə eyni vaxtda daşınmasına razılıq veriblər


Xankəndi şəhəru
Xankəndi şəhəru

Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin "hökuməti" humanitar yüklərin Laçın və Ağdam marşrutu ilə Xankəndinə eyni vaxtda daşınmasına razılıq verib.

Bu barədə özünü “Artsax Respublikası” kimi təqdim edən qurumun informasiya qərargahının sentyabrın 17-də yaydığı bəyanatında deyilir.

“Ölkədə fəlakətin dərinləşməsini və təhlükəsizlik vəziyyətini nəzərə alaraq, Artsax Respublikasının hakimiyyət orqanları Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Stepanakert (Xankəndi) ofisi və Rusiya sülhməramlı kontingentinin komandanlığının humanitar yüklərin Berdzor (Laçın) dəhlizi ilə Qoris (Gorus)-Stepanakert (Xankəndi) avtomobil yolu və Akna (Ağdam)-Stepanakert yolu ilə BQXK-nin (xarici mənşəli mallar) avtomobili ilə daşınması barədə birgə təklifini qəbul etmək qərarına gəlib. Bu prosesin təşkili həm vətəndaşlarımızın həyatı və sağlamlığı üçün təhlükələri neytrallaşdırmaq, həm də Berdzor (Laçın) dəhlizi ilə humanitar yüklərin gələcək daşınmasını təmin etmək üçün lazımdır.”, bəyanatda deyilir.

Bəyanatda həmçinin deyilir ki, Qarabağ erməniləri və Azərbaycanın rəsmi nümayəndələri arasında görüşün təşkili üzərində iş gedir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, sentyabrın 17-də, BQXK Azərbaycan tərəfinə müraciət edərək qarşı tərəfin 18 sentyabr tarixində Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə ilkin məlumat verib.

Azərbaycan iyun ayının 15-də Laçın sərhəd məntəqəsində baş verən silahlı insidentdən sonra BQXK-ə Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.

Buna cavab olaraq Qarabağ ermənilərinin təmsilçiləri Ağdamdan Xankəndinə gedən yolu bağlayaraq, Azərbaycandan gələn humanitar yükləri qəbul etməyəcəklərini bildirib.

Beynəlxalq Qızıl Xaç Komitəsi avqustun 18-də məlumat yayaraq Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.

Sentyabrın 9-da Rusiya Qızıl Xaç Komitəsinin Qarabağın erməni icmasına göndərdiyi humanitar yük də ilkin olaraq erməni sakinlər tərəfindən qəbul edilməyib. Yalnız sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyətnin humanitar yük avtomobili ermənilər yaşayan Xankəndi şəhərinə buraxılıb.

Forum

XS
SM
MD
LG