Accessibility links

Azərbaycan və ABŞ regiondakı son durumu və sülh prosesini müzakirə edib


Ceyhun Bayramov və Lui Bono (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov və Lui Bono (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

Sentyabrın 16-da Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bölgədəki cari vəziyyəti, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesini, mövcud təhdid və çağırışları müzakirə edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, nazir Bayramov cari ilin 1 sentyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ dövlət katibi Antoni Blinken arasında təmaslar zamanı Ağdam-Xankəndi və Laçın yolunun eyni zamanda açılması istiqamətində əldə olunmuş razılığın həyata keçirilməsinə əngəl törədən tərəfin bundan öncəki razılıqlarda olduğu kimi “Ermənistan və onun yaratdığı qondarma rejim olduğunu diqqətə çatdırıb”.

“Bu faktların da öz növbəsində bölgədə guya “humanitar böhran”, “blokada” olması ilə bağlı səsləndirilən iddiaların əksinə, vəziyyətin heç də humanitar deyil, əslində siyasi olduğuna dəlalət etdiyini bir daha göstərdiyi bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, “Ermənistanın bölgədə sülh və təhlükəsizliyə əsas təhdid olan, Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələrinin mövcudluğundan diqqəti yayındırmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə yaydığı əsassız iddiaların ötən günlərdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimin çıxışında öz əksini tapması təəssüf doğurur”.

Azərbaycanın yollardan paralel istifadə edilməsi üzrə razılığa sadiqliyi bir daha diqqətə çatdırılıb.

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono (Lou Bono) bu həftə regiona səfər edib.

O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

"Qriqoryan və Bono Dağlıq Qarabağ ətrafında vəziyyəti, humanitar böhranı və onun aradan qaldırılmasına yönələn səyləri, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair məsələləri müzakirə ediblər", Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatında deyilir.

Sentyabrın 12-də ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib ki, ABŞ Ermənistanla Azərbaycan arasındakı vəziyyətin nizamlanması istiqamətində səylərini davam etdirəcək.

“Qeyd etdiyim kimi Dövlət katibi son bir həftə ərzində çoxsaylı təmaslarla bu prosesdə şəxsən iştirak edib. Son 24 saat ərzində Ağdam marşrutu ilə Qarabağa humanitar yüklərin bir partiyası keçib. Ona görə də biz bu məsələnin vacibliyi ilə bağlı konkret məqamı bir daha təkrar edəcəyik: Qısamüddətli məsələ kimi hər iki dəhlizin açılması və daha uzunmüddətli məsələ kimi isə iki ölkənin yekun razılığa gəlməsi”, o bildirib.

Azərbaycan iyun ayının 15-də Laçın sərhəd məntəqəsində baş verən silahlı insidentdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinə Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.

Buna cavab olaraq Qarabağ ermənilərinin təmsilçiləri Ağdamdan Xankəndinə gedən yolu bağlayaraq, Azərbaycandan gələn humanitar yükləri qəbul etməyəcəklərini bildirib.

Beynəlxalq Qızıl Xaç Komitəsi avqustun 18-də məlumat yayaraq Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.

Sentyabrın 9-da Rusiya Qızıl Xaç Komitəsinin Qarabağın erməni icmasına göndərdiyi humanitar yük də ilkin olaraq erməni sakinlər tərəfindən qəbul edilməyib. Yalnız sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyətnin humanitar yük avtomobili ermənilər yaşayan Xankəndi şəhərinə buraxılıb.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG