Azərbaycanda media azadlığının durumu və son aylarda çoxsaylı jurnalistlərin həbsi beynəlxalq və yerli təşkilatlar tərəfindən ciddi tənqid mövzularındandır. İki il əvvəl “Media haqqında” yeni qanunun qəbulu etirazlarla müşayiət olunub. Avropa Şurasının Venesiya Komissiyası qanunun Avropa standartlarına uyğun olmadığını bəyan edib. Qanunun qəbulundan sonra reyestrdən keçməyən azı 10 media qurumu ilə bağlı məhkəmələrə müraciətlər edilib. Onlardan ikisinin fəaliyyətinin dayandırılması ilə bağlı birinci instansiya məhkəməsinin qərarı var. Son aylarda isə ondan çox jurnalist qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Azərbaycan beynəlxalq media azadlğı indeksində 180 ölkə arasında 151-ci yerdə sıralanıb. Jurnalistlərin son həbsləri isə çoxsaylı beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən dəfələrlə pislənilib, onların azadlığa buraxılması tələb edilib.
Azərbaycan hakimiyyəti isə bir qayda olaraq beynəlxalq və yerli tənqidləri qəbul etmir, qərəzli sayır. Ölkə rəhbərləri media azadlığının tam təmin edildiyini, hökumətin mediaya maliyyə dəstəyi göstərdiyni, çoxsaylı jurnalistlərin ödənişsiz olaraq mənzillərlə təmin edildiyini bildirir.
Aynur Elgünəş: Jurnalist həbslərinin başlandığı dövrdə növbədənkənar prezident seçkiləri elan edildi
“Meydan TV” -nin baş redaktoru Aynur Elgünəş Amerikanın Səsinə deyib ki, “Media haqqında” mürtəce qanunun hazırlanması” müstəqil jurnalistlərin işini əngəlləmək üçündür.
“Buna baxmayaraq biz öz işimizdən qalmadıq. Mümkün qədər çalışdıq ki, müstəqil jurnalistlər kimi hadisələrin gerçək səbəblərini insanlara çatdıraq. Çünki insanların “Qarabağ” eyforiyasında yaşaması hakimiyyətə geniş imkanlar tanıdıb. Geri alınmış torpaqlarda istədikləri kimi yatırımlar edirlər. İnsanlar da sadəcə olaraq icazə alıb ora gedib hansısa duyğusal anlar yaşamaqla kifayətlənirlər. Sanki istədikləri budur”, o qeyd edib.
Baş redaktor Abzas Media internet nəşri ilə bağlı cinayət işindən danışarkən deyib ki, bu media orqanı yatırılan sərmayələrin kimlərə məxsus olması, hansı şirkətlərin cəlb edilməsi, tenderlərin keçirilməməsi və başqa məsələlərlə bağlı insanlara real məlumatı çatdırmağa çalışırdı.
“Eyni zamanda hakimiyyətin ən yüksək təbəqəsində təmsil olunan insanların varidatını sorğulayırdı. Beləliklə hakimiyyət üçün təhlükəyə çevrilmişdi. Görürdülər ki, hazırladıqları qanunun müsətqil jurnalistlərə təsiri azdır. Eyni zamanda, bu qanunun beynəlxalq təşkilatlar tərəfindən pislənməsinə, Venesiya Komissiyası tərəfindən mənfi rəy alımasına da nail olunub. O zaman belə yola əl atdılar və həbslər başladı. Maraqlıdır ki, bu həbslər beynəlxalq təşkilatların Qarabağdan gedən ermənilərə yönəldiyi bir dövrə təsadüf etdi. Eyni zamanda həmin həbslərin başladığı bir dövrdə İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsini elan etdi”, o deyib.
Jurnalist son həbsləri müstəqil mediyadan “qisas almaq mərhələsinin başlanması” kimi dəyərləndirir.
“Eyni zamanda hadisələrin bu fonda cərəyan etməsi digər məsələləri bir az kölgədə qoydu. Çünki müstəqil media beynəlxalq təşkilatların diqqətini çəkən məsələləri həm də gündəmdə saxlamaqla məşğul idi. Bu yolla diqqəti bir az özümüzə yönəltməyə başladıq ki, həbslər, ajiotajlar istər-istəməz digər məsələlərin geriyə atılması və bu hakimiyyətin işinə yarayan məsələlər oldu. İndi nə qədər bunun davamlı olacağı, nə qədər bu proseslər davam edəcək bunu bilmirəm. O ki qaldı, beynəlxalq təşkilatların münasibətinə, hesab edirəm ki, kifayət qədər diqqətdədir. AŞPA-nın sessiyasından da gördük ki, insan haqları məsələsi gündəmdədir. Ümid edirəm ki, xarici təzyiqlər davam edəcək. Azərbaycanda söz azadlığının sərhədlərini hakimiyyət istədiyi qədər daraltmayacaq”, Aynur Elgünəş belə hesab edir.
Anar Məmmədli: Azərbaycan hakimiyyəti müstəqil mediaya qarşı təzyiq siyasəti yürüdür
Hüquq müdafiəçisi Anar Məmmədli Amerikanın Səsinə deyib ki, Azərbaycanda media, ifadə azadlığına münasibət həmişə hökümətin basqıları altında olub.
“Yəni Azərbaycan hakimiyyəti siyasi dözümsüzlük nümayiş etdirərək, fərqli fikir sahiblərinə, o cümlədən tənqidi mövqedə olan jurnalistlərə, media qurumlarına, son illər sosial media istifadəçilərinə qarşı bir təzyiq siyasəti yürüdür. Bunun əsas məqsədi ölkədə fərqli, alternativ fikirlərin qarşısının alınmasıdır. Yəni insanlar tənqidi çıxışlar etməsin. Hakimiyyətin fəaliyyətini və yaxud fəaliyyətsizliyinə münasibət bildirməsin. O proseslərə daha çox seyrici qalsınlar. Nəticə etibarı ilə ölkədə bir siyasi qorxu mühiti yaradırlar. Həmin qorxu mühitinin dağıdılmasına imkan verməsinlər. Bu əsas məqsəddir. Bu məqsəddən irəli gələrək illərdir ki, jurnalistlər, media qurumları təzyiqlərə məruz qalır, təqib olunur. Bəzi hallarda həbs edilirlər”.
Onun fikrincə, son illər təqiblər daha da artıb.
“Nəticə etibarı ilə Azərbaycanda 9 nəfər həbs olunan jurnalist var. Eyni zamanda ölkədə sosial mediadan istifadə edib, tənqidi yazılar yazdığına görə, xeyli insanlar həbsdədir. Bunun özü hakimiyyətin ifadə azadlığına dözümsüz münasibətin göstəricisidir. Bunun qarşısının alınması üçün ilk növbədə Azərbaycan hakimiyyəti ifadə azadlığına münasibəti dəyişməlidir. Tənqidə qarşı siyasi dözümlülük formalaşdırılmalıdır. Tənqiddən qorxmamalıdır. Siyasi iradə nümayiş etdirməlidir. Əfsuslar olsun ki, bu yoxdur”, hüquq müdafiəçisi qeyd edib.
Məmmədlinin fikrincə, siyasi hakimiyyətin tənqidə dözümü olmadığından hakimiyyət mənsubları tənqidi medianı təqib etməkdən çəkinmir.
“Müxtəlif normativ aktlar qəbul edirlər. Təzyiq siyasətini davam etdirirlər. Beynəlxalq təşkilatların isə bu cür məsələlərə daha həssas yanaşmasına ehtiyac var. İstər AŞPA, istər BMT strukturları, istər ATƏT, Avropa İttifaqı, bu kimi qurumlar insan hüquq və azadlıqların müdafiəsində çox fəal olmalıdırlar. Sistemli şəkildə çalışmalıdırlar. Əfsuslar olsun ki, bu qurumların sistemli şəkildə fəaliyyətində Azərbaycana münasibətdə ardıcıllığın, sistemliliyin, prinsipiallığın çox zaman şahidi olmuruq. Bu da özünü onda göstərir ki, Azərbaycan hakimiyyəti qurumlardan çəkinmir. Bir rahatlılıq var. Bu məsələlər diqqətə alınmalıdır”.
Məmmədlinin fikrincə, Azərbaycan AŞPA-nın üzvüdür və Avropa məhkəməsinin ifadə azadlığını müdafiəsi ilə bağlı qəbul etdiyi qərarlar Azərbaycan üçün məcburi xarakter daşıyır.
“Amma təəssüflər olsun ki, AŞPA-ya üzv olan ölkələr məsələdə çox da prinsipial davranmır. Yəni Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı daha prinsipial yanaşmağa ehtiyac var”, o qeyd edib.
Avropa İttifaqı: Azərbaycanda müstəqil medianın vəziyyəti narahatlıq doğuran məsələdir
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri mətbuat katibliyindən Amerikanın Səsinin sorğusuna cavab olaraq bildiriblər ki, ifadə azadlığı və müstəqil media hər yerdə və hər kəsə şamil olunan universal dəyərlərdir.
“Azərbaycanda insan haqlarının vəziyyəti və xüsusilə müstəqil medianın vəziyyəti bizim azərbaycanlı həmkarlarımızla dəfələrlə qaldırdığımız narahatlıq doğuran məsələ olaraq qalır. Biz Azərbaycanı media azadlığı və öz vətəndaşlarının insan hüquqları ilə bağlı daxili və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırmaq üçün hər fürsətdən istifadə edirik və bunu 21 dekabr 2023-cü il tarixli son bəyanatda da vurğulayırıq”, cavabda qeyd edilir.
Aİ xarici siyasət və təhlükəsizlik məsələləri mətbuat katibliyi qeyd edib ki, insan hüquqları və qanunun aliliyinə hörmət Avropa İttifaqının Azərbaycanla münasibətlərinin əsasını təşkil edir.
“Aİ hesab edir ki, əsas hüquqlara, o cümlədən ədalətli məhkəmə araşdırması və müvafiq prosesə hörmət sabitlik və rifah üçün əsasdır. Bu səbəbdən, Aİ Azərbaycanda insan hüquqları sahəsindəki hadisələrlə bağlı narahatlıqları qaldırmağa imkan verən bütün forumlarda, o cümlədən illik Aİ-Azərbaycan İnsan Haqları Dialoqunda iştirak etməyə davam edəcək”, cavabda qeyd edilir.
Bəhruz Məhərrəmov: Azərbaycanda media azadlığı qarşısında hər hansı maneə yoxdur
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Amerikanın Səsinin son jurnalist həbsləri ilə bağlı sualının cavabında deyib ki, Azərbaycanda hər hansı media mənsubunun peşə fəaliyyəti ilə əlaqədar hansısa hüquqi məsuliyyət proseduru ilə üz-üzə qalması xəbəri və yaxud iddiası ilə razı olmaq mümkün deyil.
“Barəsində cinayət təqibi başlayan istənilən vətəndaşla bağlı konkret hüquqi faktlar olur və var. İşlər də bu istiqamətdə aparılır”, o qeyd edib.
Deputat beynəlxalq tənqidlər və ölkənin beynəlxalq media azadlığı indeksində 180 ölkə arasında 151-ci yerdə olmasını obyektiv yanaşma hesab etmir.
“Beynəlxalq indeksləri müəyyən edən dövlətlərin və yaxud sifarişi verənlərin nə qədər obyektiv olması özlüyündə çox ciddi sual yaradır. Əgər biz təməl olaraq insan haqları fonunda danışırıqsa vazkeçilməz olan hüquqların pozulduğu zaman bir milyon insanın təməl hüquqlarından (azərbaycanlı məcburi köçkünlər və qaçqınlar nəzərdə tutulur-red) məhrum olunduğu zaman susan təşkilatların bu gün hansısa indeksləşmə aparması və bu indeksləşmənin hansısa siyasi maraqlara xidmət etməsi bizdə şübhə doğurmur. Biz bu cür qərəzli yanaşmanı qəbul edilən saymırıq”, deputat belə fikirləşir.
Məhərrəmov hesab edir ki, Azərbaycanda fərqli mövqelərə malik insanların jurnalist kimi fəaliyyət göstərdiyi bir şəraitdə media azadlığının olmadığını demək “insafsızlıqdır”.
“Media azadlğının olmamasını deyənlər heç bir ciddi fakta əsaslanmır. Azərbaycanda medianın fəaliyyəti üçün kifayət qədər sağlam əsaslar var və media azadlğı qarşısında hər hansı maneə yoxdur”, Milli Məclisin deputatı Amerikanın Səsinə deyib.