Dekabrın 26-da Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ağdam rayonunda minaya düşüb.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin məlumatında deyilir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində agentliyin əməkdaşı Zaur Mahmudov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
O, xəsarət alıb və rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti qənaətbəxşdir.
10 noyabr 2020-ci ildən 26 dekabr 2023-cü ilədək Qarabağ və onun ətrafında 322 nəfər minaya düşüb. Onlardan 66 nəfəri həlak olub.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bu il dekabrın 14-də bildirib ki, 2020-ci ilin noyabrından Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı minatəmizləmə əməliyyatları nəticəsində 90 min hektara yaxın ərazi minalardan təmizlənib.
"Ümumilikdə 88 260 mina və partlama təhlükəsi olan digər qalıqlar, o cümlədən 28 259 piyada əleyhinə mina, 15 303 tank əleyhinə mina və 44 698 partlamamış hərbi sursat aşkar edilib və zərərsizləşdirilib. Əldə edilmiş irəliləyişlərə baxmayaraq, mina təhlükəsi hələ də qalır", o qeyd edib.
Ekspertlərin fikrincə, Azərbaycanın münaqişə gedən ərazilərində yüz minlərlə mina var.
ABŞ-ın Azərbaycandakı səfirliyi bildirib ki, regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2021-ci ilin noyabr ayından Azərbaycanda münaqişədən təsirlənən ərazilərdə humanitar minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb.
Həmçinin Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko X (əvvəllər Twitter) hesabında qeyd edib ki, Aİ Azərbaycanda minatəmizləməyə 8 milyon avro dəstək verib.