ABŞ-ın Azərbaycandakı Səfirliyi Bakıda Minalardan Təmizləmə üzrə 2-ci Beynəlxalq Seminarda iştirak edib.
ABŞ səfirliyinin məlumatında deyilir ki, 1993-cü ildən bəri ABŞ Azərbaycanda ərazilərin minalardan təmizlənməsi humanitar proqramlarına dəstək olaraq 35 milyon dollardan çox vəsait yönəldib.
“Biz minalar və partlamamış hərbi sursatlardan həlak olanlara və onların ailələrinə başsağlığı veririk”, səfirlik X platformasında qeyd edib.
BMT-nin İnkişaf Agentiyinin Azərbaycandakı ofisinin məlumatına görə, beynəlxalq minatəmizləmə standartlarına uyğun olaraq, altı həftəlik təlimləri uğurla başa vuran 18 qadın minatəmizləyiciyə noyabrın 28-də Bakıda keçirilən mərasimdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Avropa İttifaqı, BMTİP nümayəndələri və digər rəsmi şəxslərin iştirakı ilə akkreditasiya sertifikatları təqdim edilib.
“Mina Məsləhət Qrupunun (MAG) beynəlxalq ekspertləri tərəfindən keçilən nəzəri və praktiki təlimlər vasitəsilə qadın minatəmizləyici qruplar minaların və partlamamış hərbi sursatların təsbit edilərək aşkarlanması və işarələnməsi üçün əsas biliklərə, zəruri bacarıqlara, tələb olunan davranış və ilk yardımın göstərilməsi qaydalarına yiyələnib. 24 nəfərdən ibarət 2 minalardan təmizləmə qrupu, o cümlədən 18 minatəmizləyici, 2 səhiyyə işçisi, 2 qrup rəhbəri və 2 qrup rəhbəri müavini akkreditasiyadan keçib. Eyni zamanda, layihə çərçivəsində 12 xüsusi minatəmizləyici siçovul və 8 minatəmizləyici it təlim keçib”, məlumatda qeyd edilir.
Məlumata görə, ilk qadın minatəmizləyici qruplar üçün təlimlər Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP-nin Beynəlxalq Avrasiya Mətbuat Fondu (IEPF) və Mina Məsləhət Qrupu ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi “ANAMA-nın potensialının artırılması ilə məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasının dəstəklənməsi" layihəsi çərçivəsində təşkil edilib.