4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günüdür.
Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasının qətnaməsi ilə müəyyən edilib və hər il qeyd olunur.
Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın hesabatına görə, dünyanın 164 ölkəsi "Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi" haqqında Konvensiyaya üzv olub. 33 dövlət, o cümlədən də Cənubi Qafqaz ölkələri hələ bu konvensiyaya qoşulmayıb.
Azərbaycan, Əfqanıstan, Anqola, Bosniya-Hersoqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tayland və Türkiyə ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələr sayılır.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə twitter hesabında yazıb ki, 2020-ci il müharibəsindən sonra Ermənistanın minaları nəticəsində 51 azərbaycanlı həlak olub, 238 nəfər şikəst olub.
Azərbaycan ombudsmanı Səbinə Əliyevanın 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciətində deyilir ki, ümumilikdə 1991-ci ildən indiyə qədər baş vermiş mina hadisələri nəticəsində 357 nəfəri uşaq, 38 nəfəri isə qadın olmaqla, 3368 nəfər mina partlayışından həlak olub və ya xəsarət alıb.
"Hesab edirik ki, bütün dünya ictimaiyyəti insanların yaşamaq, təhlükəsiz yaşamaq və sağlamlığın qorunması hüquqlarının müdafiəsi naminə mina terroruna qarşı mübarizədə həmrəy olmalıdır", ombudsman bildirir.
Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyi ərazilərin minalanmasında təqsirli olanların və minatəmizləmə prosesində əməkdaşlıq etməkdən imtina edənlərin məsuliyyətə cəlb edilməsi zərurətini qeyd edib.
"Minatəmizləmə prosesi gözləyə bilməz" prosesi Ermənistan da daxil olmaqla, ərazilərin minalanmasında təqsirli olanların və minatəmizləmə prosesində əməkdaşlıq etməkdən imtina edənlərin məsuliyyətə cəlb edilməsinə yönəlib. Biz onların yaratdığı böyük insan itkilərinə son qoymalıyıq", Xarici İşlər Nazirliynin rəsmi Twitter səhifəsində bildirilir.
Bundan əlavə ABŞ-ın Azərbaycandakı səfirliyi Beynəlxalq Mina Xəbərdarlığı günü ilə bağlı twitter hesabında bildirib ki, regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2021-ci ilin noyabr ayından münaqişədən təsirlənən ərazilərdə humanitar minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb.
"ANAMA və onun cəsarətli minatəmizləyicilərinə dəstək olmaqdan qürur duyuruq" Twitter-də qeyd edilib.
Məlumatda qeyd edilib ki, ABŞ 1993-cü ildən bəri 100-dən çox ölkəyə 4,6 milyard dollardan çox sərmayə yatırmaqla adi silahların məhv edilməsi üzrə dünyanın ən böyük maliyyə dəstəkçisidir.
Həmçinin Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko twitter hesabında qeyd edib ki, Aİ Azərbaycanda minatəmizləməyə 8 milyon avro dəstək verib.
"Beynəlxalq Mina Xəbərdarlığı və Minalarla Mübarizə üzrə Yardım Günüdür. Biz bütün dünyada, həmçinin Azərbaycanda mina qurbanlarına görə kədərlənirik. Aİ və Aİ-yə üzv dövlətlər təxminən 8 milyon avro ilə Azərbaycanda minaların təmizlənməsinə yardım edən ən böyük beynəlxalq donorlardır. Biz minatəmizləmə üçün bu dəstəyi davam etdirəcəyik, o cümlədən ekspert məsləhətləri, münaqişədən zərər çəkmiş əhaliyə yardım göstərmək, reabilitasiya və yenidənqurma işləri aparacağıq. Aİ regionda davamlı sülhün qurulmasına qətiyyətlə sadiqdir", o vurğulayıb.
Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.
Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.