Accessibility links

Dünyada 60-dan çox ölkənin ərazisi minalarla çirklənib – beynəlxalq konfransın bəyanatında deyilir


Mina təmizlənməsi (Arxiv foto. Mənbə: ANAMA)
Mina təmizlənməsi (Arxiv foto. Mənbə: ANAMA)

"Dünyada hələ 60-dan çox ölkə minalar və partlamamış hərbi sursatlarla (PHS) çirklənmiş olaraq qalmaqdadır, bu da, insanların təhlükəsizliyi, sağlamlığı, rifahı, həyatı və gələcək nəsillərin yaşam imkanlarına təhdid törədir. Bundan ən çox təsirlənən həssas əhali arasında qadınlar və uşaqlar yer alır.

Minalar və PHS onun təsirinə məruz qalan ölkə və cəmiyyətlər üçün milli və yerli səviyyədə Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması baxımından maneə təşkil edir”.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə “Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda keçirilən 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransının yekun bəyannaməsində deyilir.

Sənəddə humanitar minatəmizləmə fəaliyyəti minalarla çirklənmiş ölkələrdə davamlı inkişafın, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində irəliləyişin, sülh proseslərinin sürətləndirilməsinin və sülhün qorunmasının ilkin şərtlərindən biri olduğu qeyd edilir.

Bəyanatda “Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiya” ("Ottava Konvensiyası") və “Kasetli sursatlar haqqında Konvensiya” ("Oslo Konvensiyası") da daxil olmaqla, minaların və partlamamış hərbi sursatların (PHS) istifadəsini tənzimləyən və ya qadağan edən mövcud beynəlxalq hüquqi sənədlərin prinsip və dəyərlərinin qəbul edilməsi, eyni zamanda hamının bu sənədlərə rəsmi riayət olunması istiqamətində addımlar atması təşviq edilir.

“Mövcud tərəfdaşlıqları gücləndirmək və yeni platformalar qurmaqla, mina və PHS təhlükəsinə son qoymaq, cəmiyyətləri bərpa prosesində dəstəkləmək və insanların ləyaqətli, təhlükəsiz və əmin-amanlıq içində öz evlərinə qayıtmasına və həyatlarını yenidən qurmasına kömək etmək naminə biz bir daha minasız dünya üçün yenilənmiş qlobal hərəkatın başlamasına çağırış edirik”, sənəddə qeyd edilir.

Sənəddə həmçinin böyük mina probleminin həllində Azərbaycanla və mina təsirinə məruz qalmış digər ölkələrlə həmrəylik ifadə edilir.

“Beynəlxalq ictimaiyyəti Azərbaycanın humanitar minatəmizləmə səylərini dəstəkləməyə çağırırıq", bəyanatda qeyd edilir.

Mayın 25-26-da Azərbaycanda "Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol" mövzusunda minalardan təmizləmə üzrə ikinci beynəlxalq humanitar konfrans keçirilib. Tədbirin birinci günü minaların təsirinə məruz qalmış Ağdam şəhərində, ikinci günü isə Bakıda baş tutub.

Konfransda 50-dən çox ölkədən 190-a yaxın rəsmi şəxs - sabiq dövlət və hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, beynəlxalq təşkilatların, minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumların, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, 2020-ci ilin noyabrından Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı minatəmizləmə əməliyyatları nəticəsində 81 min 386 hektar ərazi minalardan təmizlənib.

"Ümumilikdə 88 260 mina və partlama təhlükəsi olan digər qalıqlar, o cümlədən 28 259 piyada əleyhinə mina, 15 303 tank əleyhinə mina və 44 698 partlamamış hərbi sursat aşkar edilib və zərərsizləşdirilib. Əldə edilmiş irəliləyişlərə baxmayaraq, mina təhlükəsi hələ də qalır. Son 32 ayda 302 Azərbaycan vətəndaşı minaların və digər partlayıcı qalıqların qurbanı olub. Onlardan 57-si dünyasını dəyişib, 245 nəfər isə yaralanıb", o konfransda qeyd edib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva deyib ki, minanın hazırlanması cəmi 1 ABŞ dollarına qədər, təhlükəsiz şəkildə zərərsizləşdirilməsi isə 1000 ABŞ dollarından baha başa gəlir.

"Minalar 60-dan çox ölkədə insanların təhlükəsizliyini, sağlamlığını, rifahını və həyatını təhdid edir. Bu baxımdan, daha çox həssas təbəqələr, o cümlədən qadınlar və uşaqlar əziyyət çəkirlər. 2022-ci il üçün "Landmine Monitor" hesabatına görə, təkcə 2021-ci ildə minalar 5544 nəfərin ölümünə və ya yaralanmasına səbəb olub. Azərbaycan kontekstində isə acınacaqlı reallıq məyusedicidir. 1991-ci ildən indiyədək Azərbaycanda 358-i uşaq və 38-i qadın olmaqla ümumilikdə 3377 nəfər minaların qurbanı olub", o qeyd edib.

Ekspertlərin fikrincə, Azərbaycanın münaqişə gedən ərazilərində yüz minlərlə mina var.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

ABŞ-ın Azərbaycandakı səfirliyi Twitter hesabında bildirib ki, regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2021-ci ilin noyabr ayından Azərbaycanda münaqişədən təsirlənən ərazilərdə humanitar minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb.

Həmçinin Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Twitter hesabında qeyd edib ki, Aİ Azərbaycanda minatəmizləməyə 8 milyon avro dəstək verib.

Mövzuya uyğun

XS
SM
MD
LG