Accessibility links

Azərbaycanın azad edilmiş ərazisinin 16,4 faizi minalardan təmizlənib


2020-ci li noyabrın 10-dan indiyədək Azərbaycanın azad edilmiş ərazilərinin ümumilikdə 38 726 hektarı minalardan təmizlənib.

Bu barədə işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxı şəhərində keçirilən “İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfransda bildirib.

Onun sözlərinə görə, bu təmizlənməli olan ərazinin 16,4 fazidir.

“Çirklənmiş ərazi o qədər çoxdur ki, iki il yarım ərzində yalnız bu qədər ərazi təmizlənib. Bu zaman 57 876 mina və partlamamış hərbi sursat aşkar edilib. Müxtəlif rayonlarda bu göstərici fərqlidir. Təbii ki, Ağdam bu məsələdə öndə gedir. Ağdam rayonunda 27,5 faiz, Füzulidə 25 faiz, Tərtərdə 16,7 faiz, Xocavənddə 5,1 faiz, Xocalıda 15,8 faiz ərazi minadan təmizlənib. Sual oluna bilər ki, niyə Xocalıda bu qədər yüksək göstərici var. Çünki Xocalının cəmi 6 kəndi bizim nəzarətimizdədir”, o qeyd edib.

Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 51 nəfər həlak olub, 240 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.

XS
SM
MD
LG