Birləşmiş Krallıq ötən ilki Dağlıq Qarabağ münaqişəsindən sonra BMT İnkişaf Proqramının həyata keçirəcəyi tədbirlərə dəstək olmaq üçün 500 000 funt sterlinq maliyyə ayırdığını elan edir.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Avropa Qonşuluq və Amerika üzrə dövlət naziri Vendi Morton bildirib ki, Dağlıq Qarabağ və ətrafındakı ərazilər dünyanın ən çox minalanmış bölgələrindən biridir.
Dağlıq Qarabağ və ətrafındakı ərazilər dünyanın ən çox minalanmış bölgələrindən biridir.Vendi Morton, Böyük Britaniyanın dövlət naziri
“Bu bölgələrdən mülki vətəndaşların həyatlarını itirdikləri və ya həyatları üçün ağır fəsadlar yaradan xəsarətlər aldıqları barədə tez-tez məlumatlar verilir.
Birləşmiş Krallığın ayırdığı vəsait BMT-nin təcrübəsindən istifadə etməklə ərazinin daha təhlükəsiz olmasına kömək edənlərə təlim və minalardan təmizləmə işlərində texniki dəstək verərək Ermənistan və Azərbaycanda mülki insanların həyatı üçün riskləri azaltmaq məqsədilə istifadə olunacaq. Bununla belə görüləcək daha çox işlər var. Bu səbəbdən beynəlxalq tərəfdaşlarımızı bölgədəki bütün insanların təhlükəsizliyini təmin etmək üçün tələb olunan olan kollektiv səyləri dəstəkləməyə çağırırıq,” nazir qeyd edib.
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, 10 noyabr 2020-ci ildən bu ilin sentyabrınadək “işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 23 mülki şəxs həlak olub, 93 hərbi qulluqçu, 37 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.”
Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərəflər arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.
Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.
Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.
Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.
Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb.
Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə isə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.
Ekspertlərin fikrincə, azad edilmiş ərazilərdə yüz minlərlə mina var.