Beynəlxalq Qızıl Xaç Komitəsi: Konsensus əldə edilən kimi humanitar işi davam etdirəcəyik

Beynəlxalq Qızıl Xaç Komitəsi münaqişə zonasında (Mənbə: BQXK)

“İsrarlı səylərə baxmayaraq Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) hazırda Laçın dəhlizi və ya Ağdam da daxil olmaqla, istənilən digər marşrutlarla mülki əhaliyə humanitar yardım çatdırmaq iqtidarında deyil”.

Bu barədə BQXK iyulun 23-də məlumat yayıb.

Təşkilat qərar qəbul edən müvafiq şəxsləri BQXK-nin bu bölgədə əsas humanitar əməliyyatlarını bərpa etməsinə icazə verməyə çağırır.

“On minlərlə insan bu marşrutlarla onlara çatan humanitar yardıma ümid edir. Hazırda mülki əhali həyati əhəmiyyətə malik dərmanlar, gigiyena vasitələri və uşaq məhsulları kimi əsas məhsulların çatışmazlığı ilə üzləşir. Meyvə, tərəvəz və çörək getdikcə daha da çatışmır və bahalaşır, süd məhsulları, günəbaxan yağı, dənli bitkilər, balıq və toyuq kimi bəzi digər ərzaq məhsulları əlçatmazdır. BQXK-nin bu bölgəyə tibbi məhsullar və əsas qida məhsulları aparmasına sonuncu dəfə bir neçə həftə əvvəl icazə verilib”, məlumatda qeyd edilir.

“Bizim humanitar yardım daşıyan avtomobil karvanlarımız bu bölgədəki əhali üçün xilasedici dairədir. Bu avtomobil karvanlarının yolu bağlandığı üçün biz humanitar vəziyyətin daha da pisləşməsindən narahatıq. Biz ən çox öz-özünə kömək edə bilməyənlər üçün narahatıq. Xüsusən xəstələr və xroniki xəstəliyi olan insanlar, habelə yaşlılar, zəiflər və uşaqlar riskə məruz qalır. Burada fəaliyyət göstərə bilməyimiz üçün tərəflər humanitar konsensus əldə etməlidir. Bu, həyatı xilasetmə işidir və onun davam etməsinə icazə verilməlidir”, BQXK-nin Avrasiya üzrə regional direktoru Arian Bauer bildirib.

Məlumatda qeyd edilir ki, beynəlxalq humanitar hüquqa əsasən, tərəflər ehtiyacı olan mülki şəxslərə humanitar yardımın sürətli və maneəsiz çatdırılmasına icazə verməli və yardım etməlidir. Buraya dərmanlar və əsas məhsullar daxildir.

“BQXK-nin işi sırf humanitar xarakter daşıyır. Son bir neçə gün ərzində BQXK-nin 24 xəstəni Laçın dəhlizindən istifadə ilə təxliyə edə bilməsi, onların zəruri tibbi yardımı almasını təmin etməsi faktı ümid yaradır. Ümumilikdə, 2022-ci ilin dekabrından etibarən təşkilat təcili tibbi yardıma ehtiyacı olan 600-dən çox insanı təxliyə edib. BQXK tərəflərlə ikitərəfli dialoqunu davam etdirir və belə bir konsensus əldə edilən kimi humanitar işini davam etdirəcək”, BQXK-nin məlumatında bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Qızıl Xaç Komitəsinin bölgədə humanitar vəziyyət ilə bağlı bəyanatına dair şərhində deyilir ki, cari ilin 15 iyun tarixində Laçın sərhəd buraxılış məntəqəsinin atəşə tutulması, iyul ayında erməni əsilli sürücülərin Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrində qaçaqmalçılıq məhsullarını Azərbaycana gətirmək səyləri “Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı növbəti qeyri-qanuni fəaliyyəti, eləcə də sərhəd keçid məntəqəsinin fəaliyyətinə maneçilik kimi qiymətləndirilərək, bu kimi pozucu tədbirlərə son qoyulması tələb olunub”.

“Ermənistan tərəfindən aparılan qeyri-qanuni fəaliyyət cəhdlərinin qarşısını almaqla yanaşı, Azərbaycan tərəfi BQXK ilə vacib əməkdaşlığı davam etdirib. Azərbaycan tərəfinin BQXK ilə apardığı müzakirələrdən sonra, zəruri qaydalara riayət etməklə, BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsinə şərait yaradılıb və gün ərzində onlarla erməni sakin hər iki istiqamətdə sərhəd məntəqəsindən keçib. Daha böyük miqdarda dərman preparatları və yüklərin daşınması və tədarükü üçün Azərbaycan tərəfindən “Ağdam-Xankəndi” yolundan istifadə etməklə yardım təklif edilib. Lakin buna baxmayaraq, təəssüflər olsun ki, erməni tərəfi təkidlə bu yoldan imtina edir.

Bununla yanaşı, erməni sakinlərin tibbi məqsədlər üçün Laçın sərhəd buraxılış məntəqəsindən BQXK vasitəsilə keçidinin daha da asanlaşdırılması məqsədilə BQXK-nın həkiminin əraziyə getməsi ilə bağlı razılıq əldə olunmasına baxmayaraq, yerində bundan imtina olunması da təəssüf doğurur”, şərhdə qeyd edilir.

Xarici İşlər Nazirliyi bildirir ki, erməni tərəfinin Azərbaycan tərəfindən atılan addımlara və dəstək niyyətinə, o cümlədən BQXK tərəfindən sözügedən bəyanatda da qeyd edildiyi kimi “Ağdam-Xankəndi” və digər alternativ yollardan istifadə edilməsi təkliflərinə qarşı çıxması bölgədə “gərgin humanitar vəziyyət” iddialarının siyasi manipulyasiya və təzyiq vasitəsi olduğunu bir daha sübut edir.

“Beynəlxalq Qızıl Xaç Komitəsinin humanitar mandatına riayət olunması və ondan siyasi məqsədlər üçün sui-istifadə edilməməsi vacibdir”, nazirlik qeyd edir.

Azadlıq radiosunun erməni xidməti Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün iyulun 25-də keçirdiyi mətbuat konfransında dediklərinə istinadən bildirib ki, baş nazir Ağdamdan humanitar yardımla deyilənlər barədə mandata malik olmadığını vurğulayıb. “Mən danışıqlar masasında Ağdam vasitəsilə Stepanakertə (Xankəndi) yardımın göstərilməsi məsələsini müzakirə etməmişəm”, o bildirib.

“Xeyr, mən belə bir məsələni müzakirə etməmişəm və hesab etmirəm ki, mənim belə bir məsələni müzakirə etmək mandatım var. Amma mənim Laçın dəhlizi ilə bağlı məsələni müzakirə etmək mandatım var, çünki Laçın dəhlizi imzalayanlardan biri olduğum 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən yaradılıb. Biz ancaq Laçın dəhlizinin qanunsuz bağlanması və Laçın dəhlizinin açılması ilə bağlı məsələləri müzakirə edirik, mən başqa məsələləri müzakirə etmirəm”, Paşinyan qeyd edib.

İyulun 15-də Brüsseldə Ermənistan və Azərbaycan liderləri ilə üç saata yaxın görüşdən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycanın Ağdam üzərindən humanitar yük daşımaq istəyini vacib sayıb, eyni zamanda Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yol olan Laçın yolunun açılmalı olduğunu vurğulayıb.

Çarlz Mişelin bəyanatının bu bəndinin onun üçün gözlənilməz olub-olmaması ilə bağlı suala Paşinyan belə cavab verib: “Bu, gözlənilməz deyildi, amma mən belə bir sualı müzakirə etməmişəm. Belə bir məsələni müzakirə etməyə nə ehtiyacım, nə də mandatım olduğunu dediyim üçün müzakirə etmədim. Mənim Laçın dəhlizi ilə bağlı məsələni müzakirə etmək mandatım var, çünki Laçın dəhlizi yaradılıb, o cümlədən mənim imzamla və Laçın dəhlizi ilə malların, vətəndaşların, nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi ilə bağlı Beynəlxalq Məhkəmənin qərarı var”.

Azərbaycan aprelin 23-də Ermənistanla sərhəddə “Laçın” keçid-buraxılış məntəqəsini qurub. İyunun 15-də Ermənistan tərəfdən keçid məntəqəsi atəşə tutulub, Azərbaycanın bir sərhədçisi yaralanıb. Sərhəd-buraxılış məntəqəsi bir müddət bağlanıb.

İyunun 24-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə görüşündə Laçın yolu ətrafında vəziyyət, habelə BQXK-ın Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub.

Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinə Xankəndinin erməni sakinlərinə yardımları çatdırmaq üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edib.

İyunun 26-da sərhəd-keçid məntəqəsi yenidən açılıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi iyulun 11-də Ermənistanla dövlət sərhədində “Laçın” keçid məntəqəsindən buraxılışın müvəqqəti olaraq dayandırılması barədə məlumat yayıb.

Məlumatda deyilir ki, buna Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması səbəb olub.

Dövlət Sərhəd Xidməti BQXK-nin nəqliyyat vasitələrindən bu ilin iyul ayında götürülmüş çoxsaylı mobil telefonlar, mobil telefonların iki yüzdən çox hissələri, min qutudan çox siqaret, 1300 kiloqramdan çox benzin aşkar edərək götürdüyünü bildirdiyi video da yayıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyi Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi Laçın koridoru ilə bəyan edilməmiş məhsulların keçirilməsi ilə bağlı məlumatlardan xəbərdardır və belə fəaliyyətləri dəstəkləmir.

“BQXK-ya məxsus olan heç bir nəqliyyat vasitəsində belə məhsullara rast gəlinməmişdir. Bütün humanitar yüklər Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən yoxlanılır. Lakin təəssüflər olsun ki, icarəyə götürülmüş və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulmuş dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıblar və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib”.

BQXK bildirir ki, bu qurumun Laçın koridoru boyu gördüyü işlər yalnız humanitar xarakter daşıyır.

İyulun 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə görüşdə bir daha bildirib ki, zəruri qaydalara riayət etməklə BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsi mümkünldür.

Erməni sakinlərin tədarük ehtiyaclarına gəldikdə nazir Bayramov, Azərbaycan tərəfinin “Ağdam-Xankəndi” yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğunu bir daha xatırladıb.

Bundan sonra Qarabağda yaşayan erməni icmasının bir qrup üzvü Ağdamdan Xankəndinə gedən avtomobil yolunun Əsgəran rayonu ərazisindən keçən hissəsinə beton bloklar düzərək yolu bağlayıb və Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib. ​