Accessibility links

Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə növbəti görüş keçiriləcək


İyulun 15-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında Avropa İttifaqı Şurasının Prezidentinin vasitəçiliyi ilə növbəti görüş keçiriləcək. Ermənistan İctimai Radiosunun məlumatına görə, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan iyulun 13-də keçirdiyi hökumət iclasında deyib.

Rəsmi Bakı məlumatla bağlı şərh verməsə də, Prezident İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini qeyd edib. Bu, Azərbaycan və Ermənistan liderləri arasında Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən altıncı üçtərəfli görüş olacaq.

ABŞ dövlət katibi Antoni Blinken iyulun 11-i və 12-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı telefon söhbəti zamanı Birləşmiş Ştatların iki ölkə arasında davamlı sülhün əldə edilməsi səylərinə dəstəyini vurğulayıb.

“Dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında ABŞ-ın Ermənistan-Azərbaycan sülh müzakirələrinə davamlı dəstəyini ifadə edib, danışıqlarda yaradıcılıq, çeviklik və kompromislərə ehtiyac olduğunu bildirib. Dövlət katibi Blinken Laçın dəhlizi ilə kommersiya, humanitar və şəxsi avtomobillərin sərbəst keçidinə ehtiyac olduğunu vurğulayıb. O, hər iki tərəfin davamlı və ləyaqətli sülhə dair danışıqlarda müsbət sürəti davam etdirməsinin vacibliyini vurğulayıb”, Dövlət Departmentinin məlumatında bildirilir.

Prezident İlham Əliyev Dövlət Katibi Antoni Blinkenlə telefon danışığında Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.


Antoni Blinken iyunun 11-i Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığında birbaşa dialoq və diplomatiyanın Cənubi Qafqazda davamlı sülhə aparan yeganə yol olduğunu vurğulayıb.

“Azərbaycanla sülhün təmin edilməsi istiqamətində davam edən səylərə güclü dəstəyimi bir daha bəyan etmək üçün dünən Ermənistan Baş naziri Nikol Paşinyanla telefonla danışdım. Birbaşa dialoq və diplomatiya Cənubi Qafqazda davamlı sülhə aparan yeganə yoldur və mən bunu asanlaşdırmağa kömək etməyə sadiqəm,” ABŞ dövlət katibi Antoni Blinken baş nazir Nikol Paşinyanla telefon söhbəti haqda Twitter səhifəsində yazıb.

ABŞ-da Azərbaycan və Ermənistan arasında danışıqların birinci raundu mayın 1-dən 4-dək keçirilib. Blinken dörd gün davam edən danışıqların sonunda tərəflərin mürəkkəb məsələləri müzakirə etdiyini və “nəzərəçarpacaq irəliləyiş”ə nail olduqlarını bildirib.

İyunun 27-29-u tarixlərində isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danşıqların ikinci raundu olub. ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli danışıqların açılışından öncə onlarla təkbətək görüşlər keçirib. Blinken danışıqlar zamanı irəliləyişə nail olunduğunu, gələcək saziş üzrə bəzi maddələrin razılaşdırıldığını və tərəflərin mövqelərində anlaşmanın əldə olunmasını qeyd edib.

Azərbaycan və Ermənistan liderləri sonuncu dəfə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Almaniyanın kansleri Olaf Şolts və Fransanın prezidenti Emmanuel Makronun da iştirakı ilə iyunun 1-i Kişinyovda görüşüb.

Liderlər Brüssel formatında bugünədək sonuncusu 14 may tarixində olmaqla beş görüş keçirib.

XS
SM
MD
LG