Accessibility links

Robert Sekuta: Danışıqlarda müsbət irəliləyişin olduğunu düşünürəm


Robert Sekuta: Danışıqlarda müsbət irəliləyişin olduğunu düşünürəm
please wait

No media source currently available

0:00 0:07:55 0:00

Robert Sekuta: Danışıqlarda müsbət irəliləyişin olduğunu düşünürəm

Dövlət katibi Blinken iyunun 29-da ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh danışıqların ikinci raundunun yekun iclasında tərəflərin mühüm inkişafa nail olduğunu bildirib və Birləşmiş Ştatların regionda sülhün təmin olmasına sadiqliyini bir daha vurğulayıb. Dövlət Departamentinin nümayəndəsi mətbuat üçün açıqlamada danışıqların konstruktiv şəkildə keçdiyini bildirib. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında iyunun 27-29 tarixlərində danışıqların ikinci raundu regionda gərginliklərin davam etdiyi fonda keçirilib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Amerikanın Səsinə müsahibədə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarından gözləntilər, Birləşmiş Ştatların sülhə nail olunması istiqamətində səyləri və Rusiyanın regionda rolu haqda danışıb.

Amerikanın Səsi: ABŞ regionda uzunmüddətli sülhə nail olmaq üçün son səylər çərçivəsində keçən həftə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının ikinci raunduna ev sahibliyi edib. Dövlət katibi Blinken birbaşa prosesdə iştirak edərək, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla ikitərəfli görüşlər və onların hər ikisi ilə birlikdə üçtərəfli görüş keçirib. Dövlət Departamentinin sözçüsü ABŞ-ın iki tərəf arasında dialoqu təşviq etməyə davam etdiyini və sülhün yaxın olduğuna inandığını bildirib. Danışıqların gedişatı barədə nə söyləyə bilərsiniz? Tərəflər razılığın əldə olunması istiqamətində mühüm addımlar atıblarmı?

Robert Sekuta: İlk növbədə məni dəvət etdiyiniz üçün təşəkkür edirəm. İkincisi, demək istəyirəm ki, danışıqlarda ən mühüm məqam tərəflərə danışıqlar aparmaq imkanının verilməsidir. Mən artıq səfir deyiləm, ona görə də sizinlə əsasən bu sahədə marağı və təcrübəsi olan biri kimi danışacağam. Düşünürəm ki, burada müsbət inkişaf var. Bu, ikinci dəfədir ki, dövlət katibinin ev sahibliyi ilə görüş keçirilir. Dövlət katibinin vaxtını azərbaycanlılar və ermənilər arasında sülh sazişinin əldə edilməsinə kömək etməyə həsr etməsi həqiqətən də xoş haldır. Bu, həqiqətən vacibdir. Dövlət katibinin və Dövlət Departamentin verdiyi açıqlamalar baxımından məncə, bunlardan əlavə nəsə demək mümkün deyil. Burada iki məsələ var. Bunlardan biri odur ki, müzakirələr həqiqətən də intensiv olub. Onların müzakirə etməli olduqları məsələlər var idi. Onlar bu məsələlərdə irəliləyiş əldə ediblər və razılaşmaya doğru gedirlər. Məncə, bunlar ortaya çıxan həqiqətən vacib məsələlərdir və bu, müsbət irəliləyişlərdir. Təbii ki, hər iki tərəf geri qayıdıb öz hökumətləri ilə məsləhətləşmələr aparır, çünki bu, təkcə nazirlər səviyyəsində danışıqlar deyil, onlar öz ölkələrinin onların yanında olduqlarına əmin olmalıdırlar. Onlar qayıdıb nə etdikləri, indiyə qədər nə əldə etdikləri, bundan sonra nə edəcəkləri və nə olacağı haqda danışmalıdır. Beləliklə də fikrimcə, biz burada iki şeyi görürük. Bunlardan biri Vaşinqtonda aparılan müzakirələrdir, biri isə Brüsseldəki müzakirələrdir və bunların hamısı müsbətdir.

Amerikanın Səsi: Dövlət Departamentinin sözçüsü Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların konstruktiv keçdiyini və ABŞ-ın sülh danışıqları aparıldığı müddətdə bu müzakirələri inkişaf etdirməyə davam etdiyini bildirib. Birləşmiş Ştatların prosesdə əsas hədəfləri haqda nə deyə bilərsiniz? ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli danışıqlardan hansı nəticəni gözləyir?

Robert Sekuta: Mən yenə də səfir kimi deyil, kənar ekspert kimi danışıram. Düşünürəm ki, ABŞ-ın gözlədiyi və ümid etdiyi şey bizim indiyədək ümid etdiyimiz şeydir, bu da regionda sülh, həm Ermənistanın, həm də Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin, təhlükəsizliyinin, rifahının qorunmasıdır. Bu, hər iki ölkədə firavanlıq, insanların təhlükəsizliyi deməkdir. ABŞ-ın görmək istədiyi və vacib hesab etdiyim şey iki tərəfin sülh prosesinin irəliləməsinə əsaslanacaq razılaşma əldə etməsidir. Razılaşmanın özü hələ oyunun sonu demək deyil. Bu, oyunda mühüm addımdır, lakin iki ölkə arasında sülhə doğru irəliləmək mühümdür. Mənim fikrimcə, bu, hər iki tərəfin irəliləməyə çalışdığı anda gerçəkləşdirilə biləcək bir şeydir. Mən prezident Əliyevin prezident Baydenə məktubundakı bəyanatına baxıram və bu, irəliyə doğru daha bir mühüm addımdır. Həmçinin baş nazir Paşinyanın bəyanatları hər iki ölkənin həqiqətən də sülh sazişinə doğru irəlilədiyini və sülh görmək istədiyini göstərir. Hesab edirəm ki, həqiqətən önəmli olan və gələcəkdə görəcəyimiz şey budur.

Amerikanın Səsi: Vaşinqtonda diplomatların bildirdiyinə görə, dövlət katibi Blinken ABŞ-ın danışıqlardakı komandasının digər üzvləri kimi sülh prosesi ilə birbaşa məşğuldur və prosesdə iştirak etməkdə davam edir. Sizin fikrinizcə, ABŞ Cənubi Qafqazda daha fəal rol oynayacaqmı və Birləşmiş Ştatlar Azərbaycan və Ermənistana uzunmüddətli razılaşmanın əldə edilməsinə necə kömək edə bilər?

Robert Sekuta: Fikrimcə, burada bir neçə məsələ var. Birincisi, Birləşmiş Ştatların İkinci Dünya Müharibəsindən sonrakı dövrə nəzər salsanız, əvvəllər münaqişədə olan ölkələrə daha sülhsevər və daha sabit münasibətlərə doğru irəliləmək üçün yollar tapmaqda köməklik göstərmək təcrübəsi var. Fransa və Almaniya buna gözəl nümunədir. Düşünürəm ki, biz bəzən bu gün gördüklərimizi təbii qəbul edirik, lakin bu, 1946, 47-ci və ya 48-ci illərdə təbii qəbul ediləcək bir şey deyildi. Birləşmiş Ştatlar Qərbi Avropada bu dinc inkişafı görmək üçün çox iş görüb, çox çalışıb.

Bizim öz tariximizdə mən Vyetnam və Birləşmiş Ştatları nümunə gətirirəm. Mən Vyetnam müharibəsi dövründə böyümüşəm. Vyetnam və ABŞ indi sıx əlaqələrə malikdir və bir sıra məsələlərdə birgə işləyirlər. Ona görə də düşünürəm ki, bizim bu təcrübəmiz var.

ABŞ-ın maraqları baxımından Birləşmiş Ştatlar uzun müddətdir ki, Avropanın dinc, bütöv, firavan olmasında maraqlıdır. Ölkələrin bir-birinə hörmət etdiyi və qaydalar əsasında, beynəlxalq qaydalara əsaslanan nizamın mövcud olduğu Avropa. Hazırda Ukrayna ilə bağlı problemlərdən biri və Ukraynanın nə üçün belə dərin narahatlıq doğurmasının səbəblərindən biri budur.

Beləliklə də, bizim məncə, bu istiqamətdə daha da irəliləyiş görməyimiz lazımdır və düşünürəm ki, ABŞ buna görə [prosesə] cəlb olunub. Dövlət katibi nə edəcəyinə asanlıqla qərar vermir. O iştirak etməsi üçün ciddi səbəbin olmasına baxır və cəlb olunduğu yerdə o, irəliləyişə nail olmağa kömək edəcək. Hesab edirəm ki, bu, həqiqətən də Cənubi Qafqazda sülhün bərqərar olmasının mümkünlüyünə işarədir.

Amerikanın Səsi: Regiondakı hazırkı geosiyasi vəziyyətlə bağlı nə söyləyə bilərsiniz? Rusiya bu mərhələdə hansı rol oynayır? Vaqner qrupunun qiyamından sonra Rusiyada mövcud vəziyyət Moskvanın Cənubi Qafqazda roluna necə təsir göstərə bilər? Regionda hansı mühüm hadisələr baş verə bilər?

Robert Sekuta: Düşünürəm ki, biz ilk növbədə qəbul etməliyik ki, Rusiya regionda faktordur. Regionda əsas faktor olaraq qalacaq. Lakin sual yaranır ki, müsbət və ya mənfi faktor? Rusiyanın, mən Ukraynada nəzərdə tuturam, Avropada sülh üçün mənfi faktor olması məni narahat edir. Mən əmin deyiləm ki, biz Minsk Qrupunda işləyəndə Rusiya həmişə Azərbaycan və Ermənistanı bir araya gətirməkdə oynaya biləcəyi rolu oynayıb.

Mən Vaqner qrupu haqqında danışmaq üçün özümü kifayət qədər səlahiyyətli hesab etmirəm. Lakin düşünürəm ki, biz bir neçə həftə əvvəl dəqiq nə baş verdiyini, bunun Rusiya üçün nə demək olduğunu və Rusiyada nəyə gətirib çıxara biləcəyini hələ anlamağa çalışırıq. Bununla belə, bu, Rusiyada həqiqətən də bəzi mürəkkəb faktorların olduğunu göstərir. Amma eyni zamanda biz yenə də prezident Putinin bəyanatlarına baxırıq. Rusiyanın daha geniş təsir dairəsi ideyasından danışmaq köhnəlmiş bir konsepsiyadır.

Ölkələr öz gələcəkləri haqda özləri qərar verməlidirlər və mən hesab edirəm ki, ABŞ-ın vacib hesab etdiyi və Cənubi Qafqazda bunun müdafiəsi və baş verməsinə kömək etmək üçün üzərində işlədiyi budur.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG