Azərbaycan və Türkiyə energetika sahəsində gələcək əməkdaşlıq imkanlarını müzakirə edib

Mikayıl Cabbarov, Rövşən Nəcəf və Alparslan Bayraktarl (Mənbə: SOCAR)

İyunun 10-da Türkiyədə səfərdə olan Azərbaycannın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın prezidenti Rövşən Nəcəf Türkiyənin yeni energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşüb.

SOCAR-ın məlumatında deyilir ki, görüşdə iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə olduğu kimi energetika sahəsində də uğurla inkişaf etdiyi və birgə icra edilən layihələrin hər iki ölkənin dayanıqlı iqtisadi inkişafına, regionun və Avropanın enerji təhlükəsizliyinə önəmli töhfələr verdiyi vurğulanıb.

"Azərbaycan və Türkiyə arasında iqtisadiyyat və enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb", məlumatda qeyd edilir.

Azərbaycan və Türkiyənin birgə fəaliyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (BTƏ), Trans-Anadolu təbii qaz boru xətti (TANAP), Trans-Adriatik boru xətti (TAP) layihələri həyata keçirilir.

İki ölkənin təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Koridorunun mühüm komponentlərindən olan TANAP layihəsi Türkiyə və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi baxımından beynəlxalq gündəlikdədir. TANAP çərçivəsində Türkiyəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanıb. Əvvəlcə illik 16 milyard kubmetr (bunun 6 milyard kubmetrini Türkiyə alıb) təşkil edən qaz nəqlinin həcminin mərhələli surətdə əvvəlcə 24 milyard kubmetrə, sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

1850 kilometrlik TANAP xətti 2019-cu ilin sonlarından etibarən Cənub Qaz Koridorunun digər mühüm komponenti olan Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliya üzərindən Avropaya qaz çatdırır.

Rəsmi məlumatlara görə, 2023-cü ildə Azərbaycandan Türkiyəyə qaz ixracı 9.3 milyard kubmetrə çatacaq.

Türkiyədə yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan iyunun 3-də ölkənin yeni Nazirlər Kabinetinin tərkibini açıqlayıb. Alparslan Bayraktar bu kabinetdə energetika və təbii sərvətlər naziri vəzifəsini tutub.