Azərbaycan və Gürcüstan regional təhlükəsizlik məsələlərini müzakirə edib

Zakir Həsənov və Cuanşer Burçuladze (Mənbə: Azərbaycan Müdafiə Nazirliyi)

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Azərbaycanda səfərdədir.

Səfər çərçivəsində iki ölkənin əməkdaşlığının perspektivləri, regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Azərbaycan Prezidentinin rəsmi intenet saytının məlumatında deyilir ki, prezident İlham Əliyevin aprelin 24-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüşündə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulanıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iki ölkə müdafiə nazirlərinin görüşündə tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib.

"Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin və işçi görüşlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb.

Geniş tərkibdə keçirilən görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb", Azərbaycan Müdafiə Nazirliyi bildirir.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatında isə deyilir ki, iki ölkənin müdafiə nazirləri arasında görüş zamanı regional təhlükəsizlik çağırışları müzakirə edilib.

Nazirlər beynəlxalq təlimlərdə iştirak və hərbi təhsil proqramları da daxil olmaqla, müdafiə sahəsində ikitərəfli əməkdaşlığın cari məsələlərini və gələcək planları da müzakirə ediblər.

"Söhbət zamanı Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatına da toxunulub. Qeyd edilib ki, strateji səviyyəli görüşlər, müdafiə sahəsində əməkdaşlıq, birgə təlimlər və ekspertlərin görüşləri ölkələr arasında qarşılıqlı əməliyyat qabiliyyətini gücləndirir", Gürcüstan Müdafiə Nazirliyi qeyd edib.

Nazir Burçuladze Azərbaycan müdafiə nazirini mayın 26-da Gürcüstanın Müstəqillik günü münasibətilə Tbilisidə keçiriləcək tədbirə dəvət edib.