Accessibility links

GUAM-a sədrlik Ukraynaya keçib


GUAM-ın iclası (Mənbə Azərbaycan Xarici İşlər Nazirliyi)
GUAM-ın iclası (Mənbə Azərbaycan Xarici İşlər Nazirliyi)

Dekabrın 20-də Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-ın Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında 40-cı iclası keçirilib, təşkilata sədrlik Moldovadan Ukraynaya keçib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, GUAM-nın Fəaliyyətdə olan Sədri, Moldovanın xarici işləri Nicolae Popeskunun sədrliyi ilə keçirilən iclasda Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov iştirak edib. İclasda Gürcüstanı xarici işlər naziri İlia Darçiaşvili, Ukraynanı xarici işlər naziri Dmitro Kuleba təmsil edib.

Məlumata görə, Elnur Məmmədov GUAM çərçivəsində nəqliyyat, kommunikasiya, ticarət sahəsində həyata keçirilən layihələrin əhəmiyyətindən, parlamentlərarası əməkdaşlıq platforması çərçivəsində əməkdaşlıq əlaqələrindən bəhs edib.

Ukrayna Xarici İşlər Nazirliyinin məlumatında isə deyilir ki, bu ölkənin xarici işlər naziri Dmitro Kuleba bildirib ki, Rusiyanın tammiqyaslı təcavüzündən müdafiə olunaraq, Ukrayna gələn il GUAM-da qətiyyətli və məhsuldar liderliyini təmin edəcək.

Onun sözlərinə görə, Ukraynanın sədrliyi dövründə GUAM-ın əsas prioritetləri üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyü, yeni iqtisadi imkanların yaradılması, Avropa və Asiya bazarları arasında ticarətin inkişafı, azad ticarət zonasının tam fəaliyyətinin təşviqi, GUAM-ın nəqliyyat dəhlizi üzrə Avropa Komissiyası ilə qarşılıqlı əlaqələri, GUAM Nəqliyyat Dəhlizi daxilində gömrük prosedurlarının sadələşdirilməsi və daşınma üçün sənədlərə inteqrasiya olunmuş yanaşmanın tətbiqi olacaq.

Dmitri Kuleba GUAM çərçivəsində təkcə iqtisadi tərəfdaşlığı deyil, təhlükəsizliyi gücləndirməyi də təklif edib. Təşkilat üzvlərini Ukrayna prezidenti Volodimir Zelenskinin təqdim etdiyi Sülh Formulasının təcəssümü üzərində birgə işləməyə çağırıb.

“Bütün ölkələr Ukraynanın qələbəsində maraqlıdır. Qalan ssenarilər təhlükə daşıyacaq. Rusiyanın iştahı təkcə Ukrayna ilə məhdudlaşmır və bacarsaydı daha da irəli gedərdi. Amma yeni dondurulmuş münaqişə də heç kim üçün maraqlı deyil. Bizim ölkələr bunun nə demək olduğunu çox yaxşı bilirlər. Rus imperializminə son qoymağın vaxtıdır. Biz təkcə Ukrayna üçün deyil, bütün region və dünya üçün bu təhlükəni aradan qaldırmalıyıq. Ukrayna tərəfdaşlarımızın davamlı dəstəyi ilə bunu edə bilir”, o vurğulayıb.

GUAM - Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 1997-ci il oktyabrın 10-u Strasburqda əsasını qoyduqları birlik kimi fəaliyyətə başlayıb.

Prezidentlərin imzaladığı sənəddə birliyin suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, insan hüquqlarına hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli əməkdaşlıq formatında yaradıldığı bəyan edilib.

XS
SM
MD
LG