Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Azərbaycanda səfərdədir. O oktyabrın 3-də prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.
Görüşlərdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən və yüksək səviyyəli qarşılıqlı səfərlərdən danışılıb.
Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, prezident İlham Əliyev bildirib ki, əsas məsələlərdən biri iki ölkənin imkanlarından istifadə edərək ticarət dövriyyəsinin artırılmasından, ixrac-idxal əməliyyatlarının genişləndirilməsindən və mümkün investisiya layihələrinin müəyyənləşdirilməsindən ibarətdir.
Dövlət başçısı nəqliyyat sahəsində də əməkdaşlığın önəmini qeyd edib.
“Bu gün Ukraynadan Asiyaya göndərilən yüklərin bir hissəsi Azərbaycandan keçir və dəmir yolu strukturları arasında beynəlxalq formatda fəal əməkdaşlıq aparılır”, o qeyd edib.
Pavlo Klimkin son yarım ildə ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artığını vurğulayıb.
Ukraynanın xarici işlər naziri yüksək səviyyədə keçirilən görüşlərin əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, Azərbaycan prezidentinin Ukraynaya səfərinin ölkəsində səbirsizliklə gözlənildiyini bildirib.
Xarici işlər nazirləri yüksək səviyyəli məsləhətləşmə mexanizmi olan Prezidentlər Şurası, Hökumətlərarası birgə Komissiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətini, habelə XİN-lərarası siyasi məsləhətləşmələrini yüksək qiymətləndirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Pavlo Klimkin Azərbaycanla Ukrayna arasında siyasi münasibətlərin mükəmməl olduğunu, iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini bildirib və ticarət dövriyyəsində yüksək artım dinamikasının müşahidə edildiyini deyib.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında uğurlu əməkdaşlığın qurulduğunu, BMT və onun ixtisaslaşmış qurumları, ATƏT, Avropa Şurası, həmçinin regional təşkilatlar olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) və GUAM çərçivəsində bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
Nazirlər Azərbaycan və Ukraynanın daim bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini, regiondakı münaqişələrin dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində həllinə tərəfdar olduqlarını bəyan edib.
Tərəflər, həmçinin regional nəqliyyat layihələri, o cümlədən Şimal-Cənub, Şərq-Qərb marşrutlarının imkanları, iqtisadi və vaxt baxımından üstünlükləri, Ukraynadan gələn bəzi yüklərin Azərbaycan ərazisindən keçməklə Orta Asiya ölkələrinə nəqli məsələlərini müzakirə edib.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətdən danışıb və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə həmçinin, ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, enerji, elm-təhsil, turizm, kənd-təsərrüfatı, mədəniyyət, metro, aviasiya, əczaçılıq və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.