Accessibility links

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan yaşıl enerjinin inkişafı və ötürülməsi barədə saziş imzalayıb


Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan yaşıl enerjinin ötürülməsi barədə saziş Imzalayıb (Mənbə Azərbaycan Prezidentinin rəsmi saytı)
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan yaşıl enerjinin ötürülməsi barədə saziş Imzalayıb (Mənbə Azərbaycan Prezidentinin rəsmi saytı)

Dekabrın 17-də Buxarestdə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş” imzalanıb.

Sənədi Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Rumıniyanın Baş naziri Nikolae Çiuça və Macarıstanın Baş naziri Viktor Orban imzalayıb. İmzalanma mərasimində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen iştirak edib.

Rumıniya Prezidentinin rəsmi saytının məlumata görə, saziş Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin və əlaqələrinin gücləndirilməsini, təchizat mənbələrinin şaxələndirilməsini, Xəzər regionunda bərpa olunan enerji istehsalı potensialından istifadə edilməsini nəzərdə tutur və dörd dövlətin maraqlarına cavab verir.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Avropa arasında növbəti bir enerji körpüsü qurulur.

“Bizim ölkəmiz elektrik enerjisinin Avropaya mühüm təchizatçısına çevrilməkdədir”.

Dövlət başçısı Azərbaycanın bərpaolunan enerji sahəsində potensialının böyük olduğunu vurğulayıb.

"Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə, külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq.

Beləliklə, yalnız təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etməyi planlaşdırır. İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaqdır," Əliyev qeyd edib.

Onun fikrincə, sənəd yaşıl enerji təhlükəsizliyinin yaradılması üçün olduqca mühüm sazişdir

“Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə daha bir ümumi töhfəmiz olacaq. Saziş yaşıl enerji dəhliznin yaradılması üçün olduqca vacib bir sənəddir”.

Əliyev qaz təchizatı ilə bağlı danışarkən deyib ki, keçən il Azərbaycanın Avropa bazarlarına təbii qaz ixracı 8,2 milyard kubmetr, bu il isə 11,3 milyard kubmetr olub. Gələn il isə ən azı 11,6 milyard kubmetr qaz ixracı gözlənilir.

“Gələn il Azərbaycandan təbii qazın ixracı ümumilikdə təxminən 24 milyard kubmetr olacaq. Bu rəqəm 2021-ci ildə 19 milyard kubmetr olub”, o qeyd edib.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib ki, Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır.

“İmzalanan sənəd Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq. Bu bizim hər iki regionumuzda təmiz enerjiyə çatmağa yardım edəcək”, o qeyd edib.

XS
SM
MD
LG