Accessibility links

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri regiondakı hərbi-siyasi vəziyyəti müzakirə edib


Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri Zakir Həsənov, Hulusi Akar və Cuanşer Burçuladze (Mənbə Türkiyə Milli Müdafiə Nazirliyi)
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri Zakir Həsənov, Hulusi Akar və Cuanşer Burçuladze (Mənbə Türkiyə Milli Müdafiə Nazirliyi)

Dekabrın 21-də Türkiyədə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri Zakir Həsənov, Hulusi Akar və Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və üçtərəfli birgə təlimlərin keçirilməsinin vacibliyi, eləcə də regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə edilib.

Görüşün yekunu oalaraq birgə Bəyannamə imzalanıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, nazir Hulusi Akar deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstanın yaratdığı sinerji bölgəyə böyük təsir göstərir.

"Bu sammitdə Cənubi Qafqaz regionu ilə bağlı ümumi baxışı bölüşən həmkarlarım cənab Cuanşer Burçuladze və cənab Zakir Həsənovla ölkələrimizə aid mövcud və potensial əməkdaşlıq məsələlərini geniş perspektivdə müzakirə etdik. Həmçinin məlumat mübadiləsi apardıq, qlobal və regional inkişaflara dair fikirlərimizi bölüşdük. Gələcəyin qurulması ideyası əsasında üç ölkə arasında müdafiə, təhlükəsizlik məsələləri və müdafiə sənayesi də daxil olmaqla əməkdaşlıq getdikcə davam edir. Biz işi ölkələrimizin ümumi fayda və gözləntilərinə xidmət edəcək şəkildə istiqamətləndirməyə çalışırıq. Əslində, 2020-ci ildə "Müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun qüvvəyə minməsi ilə biz müdafiə və təhlükəsizlik sahələrində mühüm irəliləyiş əldə etmişik. Ölkələrimiz arasında strateji tərəfdaşlıq və əməkdaşlığın inkişafı və genişləndirilməsi böyük əhəmiyyət kəsb edir" , nazir qeyd edib.

XS
SM
MD
LG