Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun vəziyyəti kritikdir və sağlamlığında olan problemlər özünü göstərməyə başlayıb. Bu barədə yanvarın 10-da onun ailəsi bildirib.
Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılan Tofiq Yaqublunun qızı Nigar Həzinin sözlərinə görə, 6 gündür aclıq edən atasının sağlamlığında problemlər yaranıb:
“Bu dəfə anamla atam şüşə arxasında deyil, üzbəüz görüşüblər. Anam deyir ki, atamın vəziyyəti çox pisdir. Rəngi tamamən solub, göz bəbəkləri saralıb, üz dərisinin rəngi isə saralıb. Ayaq üstə güclə durur, axsaya-axsaya yeriyir, başı gicəllənir”.
Nigar Həzinin sözlərinə görə, hazırkı şərait Tofiq Yaqublunun səhhəti üçün ciddi riskdir. O, atasının tələbləri yerinə yetirilmədiyi müddətdə aclığı dayandırmayacağını deyib:
“İlham Əliyev Tofiq Yaqubluya məntəqədə işgəncə verir. 6 nəfərlik kamerada 5 narkotik aludəçisi ilə saxlanıldığı yetmirmiş kimi daha bir narkotik aludəçisi dustaq gətiriblər. Onsuz da əsəbləri pozulan Tofiq Yaqublu aclığının gətirdiyi əsəblə yanaşı bir də kamerada 6 nəfər narkotik aludəçisi ilə birgə psixoloji gərginlik yaşayır. Tofiq Yaqublunun başına gətirilən hər şeyə görə İlham Əliyev məsuliyyət daşıyır” - deyə, Həzi bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Tofiq Yaqublunun qızı Nigar Həzinin fikirlərini “şəxsi mülahizə” adlandırıb.
Tofiq Yaqublu yanvarın 5-dən aclıq aksiyasına başlayıb. Siyasətçinin məntəqədəki qidaların kefiyyətsizliyinə və sovqatların qəbul edilməməsinə etiraz olaraq aclığa aksiyasına başladığı bildirilir. Yanvarın 7-də Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu da aclığa başladığını bildirib. O bu addımı Tofiq Yaqublu ilə təcridxanadakı görüşündən sonra atıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Seymur Əhmədzadə və Elnur Quliyev də Tofiq Yaqubluya dəstək məqsədiylə onun evində aclığa başlayıblar. Yanvarın 9-da daha yeddi fəal Müsavat Partiyasının qərargahında Tofiq Yaqubluya dəstək olaraq aclıq aksiyasına başladıqlarını bildiriblər.
Tofiq Yaqublu dekabrın 23-də insan haqları fəalı Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq keçirilmiş aksiyada saxlanılıb və Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb. Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu “Bəxtiyar Hacıyevə azadlıq” tələbi ilə keçirilən aksiyadan sonra həbs olunan yeganə şəxsdir.