Yanvarın 9-da Asiya Parlament Assambleyasının Türkiyənin Antalya şəhərində keçirilən 13-cü Plenar Sessiyası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf arasında görüş olub.
Azərbaycan Milli Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, görüşdə ikitərəfli gündəliyin aktual məsələləri, post-münaqişə dövründə regionda mövcud olan vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Məlumatda deyilir ki, Sahibə Qafarova Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunması və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təşəbbüsləri haqqında məlumat verib. Görüşdə həmçinin parlamentlərarası əlaqələrin mövcud vəziyyəti haqqında da müzakirələr aparılıb.
İRNA agentliyinin məlumatına görə, yanvarın 9-da Asiya Parlament Assambleyasının XIII Plenar Sessiyası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisnin sədri Mustafa Şentop, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf arasında üçtərəfli formatda da görüş keçirilib.
Görüşdə iqtisadi və siyasi əlaqələrin inkişafı, dərinləşməsi və tərəqqisi, regional problemlərin həlli məsələləri diqqət mərkəzində olub.