Accessibility links

İranda etirazlar başlayandan bəri azı 44 vəkil həbs edilib


22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da polis nəzarətində ölüməsindən sonra başlayan və 3 aydır davam edən ümummilli etirazlar zamanı saxlanılan şəxsləri təmsil edən vəkillərdən azı 44-ü həbs edilib.

Məhbusların vəziyyətini izləyən vəkil qrupunun məlumatına görə, sentyabr ayından bəri həbsdə olan vəkillərdən 20-si zaminə buraxılıb, qalanları isə hələ də həbsdədir.

Hesabatda göstərilib ki, azı iki iranlı vəkilə sərt cəzalar verilib.

Onların arasında Şərqi Azərbaycan vilayətində Hüquqşünasların İnsan Haqları Komissiyasının sədr müavini Sina Yusifi 6 ay həbs cəzasına məhkum edilib və 2 il ölkədən çıxmasına qadağa qoyulub. Onun elektron cihazları da müsadirə edilib.

Şərqi Azərbaycan Vilayəti Vəkillər Kollegiyasının üzvü, vəkil Negin Kiyani də 1 il müddətinə azadlıqdan məhrum edilib, ölkədən çıxması və mobil telefondan istifadəsi qadağan edilib.

Kiyani deyib ki, məhkəmə tərəfindən ona qarşı irəli sürülən ittihamlardan biri də "rejim əleyhinə təbliğatdır".

Əmininin ölümü ilə bağlı qəzəb minlərlə iranlının azadlıq və qadın hüquqları tələbi ilə küçələrə çıxmasına səbəb olub ki, bununla 1979-cu il inqilabından sonra İslam hökuməti üçün ən böyük təhlükə yaranıb.

Nümayişlər başlayandan və etirazçıların İslam respublikasının təhlükəsizlik qüvvələri tərəfindən həbslərindən sonra bir neçə vəkil məhbusları pulsuz müdafiə edəcəyini bildirib.

Əksər hallarda hökumət əleyhinə nümayişçilərin vəkilləri bildiriblər ki, İran məhkəməsi onlara müştərilərini müdafiə etmək üçün iş üzrə materialları təqdim etməkdən imtina edib.

Onların arasında edam cəzasına məhkum edilmiş etirazçının vəkili Əli Şərifzadə Ərdəkani də var. O, dekabrın 15-də Tvitter səhifəsində Məhəmməd Hüseyni ilə görüşmək və ölüm hökmündən apellyasiya şikayəti vermək üçün məhkəməyə getdiyi zaman işlə bağlı materiallarla tanış olmaqdan imtina edildiyini və "cinayət-prosessual qanuna zidd" etibarnamə sənədinin verilməsinə icazə verilmədiyini yazıb.

Hüquq-müdafiə qruplarının məlumatına görə, İrandakı repressiyalar zamanı 400-dən çox insan ölüb. Jurnalistlər, hüquqşünaslar, fəallar, rəqəmsal hüquq müdafiəçiləri və başqaları da daxil olmaqla, minlərlə insan həbs edilib.

XS
SM
MD
LG