Azərbaycan-Ermənistan sərhədində yeni gərginlik, Azərbaycan 3 hərbçisinin yaralandığını bildirir

Cəbhə xətti

Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edir.

Sentyabrın 24-də hər iki tərəf atəşkəsin pozulması ilə bağlı rəsmi məlumat yayıb. Azərbaycan 3 hərbçisnin yaralandığını bildirib.

Azərbaycan Müdafiə Nazirliyi məlumatında deyilir ki, sentyabrın 23-də dörd saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçuları Rəşad Əmənullayev, Ruhid Rəhimzadə və Rəvan Cavadov yaralanıb.

Məlumatda həmçinin Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən cavab tədbirləri görüldüyü deyilir.

"Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür," Azərbaycan Müdafiə Nazirliyininin məlumatında qeyd edilib.

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, sentyabrın 23-də Azərbaycan Silahlı Qüvvələrinin bölmələrindən biri Ermənistan-Azərbaycan dövlət sərhədinin şərq istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərindən birinin arxa hissəsinə keçməyə cəhd göstərərək təxribat törədib.

“Ermənistan silahlı qüvvələrinin bölmələrinin məharətli hərəkətləri nəticəsində düşmən öz ilkin mövqelərinə geri qaytarılıb. Ermənistan tərəfdən itki yoxdur. Gecə saatlarında başqa insident baş verməyib,” nazirliyin məlumatında deyilir.

Bu arada Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bölmələri tərəfindən təxribat törədilməsi barədə yaydığı məlumatı təkzib edib.

"Yayılan məlumatı qəti surətdə təkzib edirik. Bildiririk ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır," nazirliyin məlumatında qeyd edilib.

Bundan öncə, sentyabrın 12-dən 14-dək Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində döyüşlər qeydə alınıb. Tərəflər döyüşlərin başlanılmasında bir-birini günahlandırıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 19-da Ermənistan Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Azərbaycan-Ermənistan sərhədində sentyabrın 12-dən 14-dək olan döyüşlər nəticəsində Ermənistan tərəfindən ölən və itkin düşənlərin sayı 207 nəfərə çatıb, o cümlədən üç mülki şəxs həlak olub, ikisi itkin düşüb. 293 hərbçi və üç mülki şəxs yaralanıb, 20 hərbçi əsir götürülüb.

Azərbaycan Müdafiə Nazirliyi isə bildirib ki, son döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 79 hərbçisi həlak olub, 282 hərbi qulluqçusu yaralanıb. Bununla yanaşı, Azərbaycan tərəfi iki mülki şəxsinin yaralandığını bildirib.

Bununla yanaşı Azərbaycan indiyədək döyüş meydanında qalan 133 erməni hərbçisinin cəsədini Ermənistan tərəfə verib.

ABŞ dövlət katibi Antoni Blinken sentyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı telefon söhbəti zamanı Ermənistan-Azərbaycan sərhədində gərginliyi müzakirə edib və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.