Accessibility links

Xocalı faciəsi diqqət mərkəzindədir


Xocalı faciəsi diqqət mərkəzindədir
Xocalı faciəsi diqqət mərkəzindədir

Xocalı şəhərinin işğalı zamanı 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.

Prezident İlham Əliyev Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciət edib.

Sənəddə deyilir ki, Xocalı faciəsinə görə məsuliyyət Ermənistan hakimiyyətinin və Qarabağ separatçılarının üzərinə düşür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərini işğal edib. Əməliyyat zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Öldürülənlərin 63-ü uşaq, 106-ı qadın, 70-i yaşlı idi. 8 ailə tamamilə məhv edilib. Müraciətdə xatırladılır ki, son iki əsrdə erməni millətçiləri dəfələrlə Azərbaycana qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi cinayətlər törədib. Xocalı faciəsi bu təcavüzkar siyasətin ən qanlı səhifəsidir. “Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür”.

Azərbaycan dövləti Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə soyqırım kimi tanıdılması istiqamətində iyirmi ilə yaxındır ki, məqsədyönlü və sistemli iş aparır. “Son illərdə "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər və diaspor təşkilatları ilə birgə iş aparılır. Artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır”.

Belə ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı bu faktı "insanlığa qarşı törədilmiş kütləvi cinayət" hadisəsi kimi tanıyıb və üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırıb. Pakistan və Meksikanın parlamentlərində bu qətliamın soyqırımı aktı kimi tanınması barədə qətnamə qəbul edilib”, - deyə prezident qeyd edib.

Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsini yad edən dövlət başçısı bildirib ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərin qanı yerdə qalmayacaq.

Fevralın 24-də Azərbaycan Milli Məclisi də Xocalı faciəsi ilə bağlı qərar qəbul edib. Parlamentdə qurbanların xatirəsi anılıb, faciə bağlı çəkilmiş sənədli film nümayiş etdirilib.

Parlamentin qərarında Azərbaycanın istintaq orqanlarının Xocalı faciəsini törədənlərdən 39 nəfərin adlarını müəyyən etdiyi, lakin təhqiqatın davam etdiyi qeyd olunub.

Qərarda Xocalı soyqırımının Milli Məclisin əvvəlki qərarları ilə soyqırımı – genosid cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq olunub.
Bu gün Almaniya Bundestaqının Petisiya daimi komitəsi Xocalı faciəsi ilə bağlı sənəd qəbul edib.
Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatına görə, sənəd Xocalı faciəsinin 20 illiyi ərəfəsində Almaniya-Azərbaycan Münasibətlərinin Təşviqi Cəmiyyətinin Bundestaqa təqdim edilmiş petisiya əsasında qəbul olunub.
Sənəddə deyilir ki, erməni silahlı qüvvələrinin Xocalı şəhərinin mülki əhalisinə qarşı törətdiyi qanlı hadisə, 600-dən çox insanın həyatını itirməsi ilə nəticələnən qırğın fakt olaraq tanınmalıdır.

Petisiyada Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun həll olunması məsələsi də öz əksini tapıb. Sənəddə ilk növbədə Ermənistanın Dağlıq Qarabağ ətrafında yerləşən və əvvəllər azərbaycanlıların yaşadığı 5 rayonun işğalını dayandırması və qaçqınların öz evlərinə qayıtmasına şərait yaratmasının vacibliyi qeyd olunur.


Mövzuya uyğun

XS
SM
MD
LG