Accessibility links

Xocalı hadisələrindən 17 il keçir


Xocalı faciəsinin 17-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Bu zaman şəhərdə heç bir hərbi qüvvə olmayıb. Hücum nəticəsində 613 nəfər, o cümlədən 83 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilib. 8 ailə bütövlükdə öldürülüb, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb. Girovların 150 nəfəri barədə hələ də məlumat yoxdur.

Azərbaycan prezidenti İlham Əliyev Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış «Ana harayı» abidəsinin önünə əklil qoyub.

Xocalı rayon icra Hakimiyyətinin başçısı Şahin Məmmədov "Amerikanın səsi" radiosuna bildirib ki, Xocalı hadisəsi ilə bağlı istintaq materiallarına məhkəmədə hüquqi qiymət verilməsinin vaxtı çatıb. "Bundan sonra isə beynəlxalq tribunala müraciət edilməlidir."

Cənab Məmmədovun dediyinə görə, hazırda Xocalı rayonunun sakinləri Azərbaycanın 46 rayonunda yaşayır.

Hadisənin şahidləri isə dəhşətlərdən danışır. Şahidlərin eləsi var ki, 28 ailə üzvünü itirib.

Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin 1992-ci il məlumatına görə, onların gözü qarşısında hadisə zamanı dörd gün ərzində götürülmüş 181 meyit, o cümlədən 130 kişi, 51 qadın, 13 uşaq meyiti məhkəmə-tibbi ekspertizasından keçirilib. «Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yarası, 20 nəfərin ölümünə qəlpə yarası səbəb olub, 10 nəfər küt alətlə öldürülüb. Adamların diri-diri baş dərisinin soyulması faktını da qeydə almışıq» - deyə təşkilat bildirir.

"Sandi Tayms" qəzeti 1992-ci il 1 mart nömrəsində yazır ki, erməni əsgərləri Xocalıda minlərlə azərbaycanlı ailəni məhv edib.

"Tayms" qəzeti isə 4 mart 1992-ci il tarixli nəşrində Xocalıda çöxsaylı insanın meyitlərinin eybəcər hala salındığını, körpə qızın ancaq başının qaldığını bildirir.

Moskvanın "İzvestiya" qəzeti 4 mart 1992-ci il nömrəsində, jurnalist Xocalıda bir qadının sifətinin yarısının kəsildiyini, kişilərin skalplarının götürüldüyünü yazıb.

14 maryt 1992-ci ildə "Le Mond" qəzetinin müxbiri Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri gördüyünü yazıb. «Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır"-deyə qəzet bildirib.

Xocalı hadisələri ilə bağlı daha geniş məlumatları Tapdıq Fərhadoğlunun Xocalı rayon icra hakimiyyəti başçısı Şahin Məmmədov və Xocalı hadisələrinin şahidləri ilə müsahibələrində dinləyə bilərsiniz.


XS
SM
MD
LG