Accessibility links

Azərbaycan prezidenti Xocalı soyqırımının on beşinci ildönümü münasibətilə xalqa müraciət edib


Azərbaycan prezidenti İlham Əliyev Xocalı soyqırımının 15-ci ildönümü münasibəti ilə xalqa müraciət edib. Müragiətdə deyilir ki, 1992-ci il fevralın 26-da qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə dağıdılıb, onun müdafiəçilərinə və sakinlərinə amansız divan tutulub. «Yüzlərlə dinc sakin görünməmiş işgəncələrlə öldürülüb, uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edilib, onların meyitləri təhqir olunub. XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi». Prezident bildirib ki, Azərbaycan dövlətinin rəsmi qurumları ilə yanaşı, bütün vətəndaşları, soydaşlar, geniş ictimaiyyət Ermənistan-Azərbaycan münaqişəsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasəti haqqında həqiqətlərin və faktların dünya parlamentlərinə, beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və davamlı fəaliyyət göstərməlidir. «Bu istiqamətdə görülən işləri razılıqla qeyd etməklə yanaşı, onu da bildirmək istərdim ki, tədbirlər daha əhatəli, planlı şəkildə aparılmalı və əlaqələndirilməlidir. Bu işdə Azərbaycan və türk diaspor təşkilatlarının yeni yaradılan birliyi, fəaliyyətinin əlaqələndirilməsi böyük əhəmiyyətə malik ola bilər. Biz mübarizədə öz gücümüzə, potensialımıza, beynəlxalq hüquqa, dünya azərbaycanlılarının həmrəyliyinə arxalanırıq. Bu kədərli anım günlərində Xocalı şəhidlərinin və qəhrəmanlarının əziz xatirəsini ehtiramla yad edərək, Allahdan onlara rəhmət diləyir, yaxınlarına, bütün xalqımıza dərin hüznlə başsağlığı verirəm»-deyə müraciətdə qeyd edilir.
XS
SM
MD
LG