Azərbaycanda Xocalı soyqırımının 15-ci ildönümü münasibətilə anım mərasimi keçirilir. Ölkənin bütün yaşayış məskənlərində soyqırım qurbanlarının xatirəsi yad edilib, məscidlərdə dualar oxunub. Saat 17-də ölkə ərazisində hərəkət bir dəqiqə dayanıb.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayının köməyilə Xocalı şəhərinin dinc sakinlərinə divan tutub. Şəhər bütövlükdə dağıdılıb. 613 nəfər, o cümlədən 83 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilib, 8 ailə bütövlükdə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb, girovların 150 nəfəri barədə bu gün də məlumat yoxdur.
Azərbaycan prezidenti İlham Əliyev Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış «Vətən harayı» abidəsinin önünə əklil qoyub. Hökumət üzvləri, deputatlar, diplomatik korpusların rəhbərləri, on minlərlə insan gün ərzində «Vətən harayı» abidəsini ziyarət edib. Abidə kompleksi yenidən qurulub, mərmər lövhələr üzərində Xocalıda həlak olan dinc sakinlərin hamısının adları həkk olunub.
Azərbaycan prezidentinin xalqa müraciətində deyilir ki, Xocalı faciəsi davakar erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. «Ayrı-ayrı dövrlərdə böyük dövlətlərin maraqları çərçivəsində cərəyan edən bu siyasət bütün məqbul və qeyri-məqbul vasitələrlə - siyasi, iqtisadi, hərbi, terror və idedoloji yolla davam etdirilib, soydaşlarımız yaşayış yerlərindən sıxışdırılıb, tarixi Azərbaycan əraziləri zaman-zaman ermənilər tərəfindən zəbt edilib və ələ keçirilib. XX əsrin 80-ci illərinin sonlarında isə Ermənistanın Azərbaycana yeni ərazi iddiaları genişmiqyaslı hərbi münaqişəyə gətirib çıxarıb. Bu məkrli siyasət nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi erməni hərbi birləşmləri tərəfindən işğal edilib, on minlərlə insan həlak olub və yaralanıb, yüz minlərlə soydaşımız ev-eşiyindən didərgin salınıb»-deyə dövlət başçısı vurğulayıb.
Bu gün Azərbaycan Milli Məclisində də Xocalı soyqırımı ilə bağlı dinləmələr başlanıb. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək. Milli Məclisin bəyanatında isə Azərbaycanın işğal altında olan ərazilərinin qeyd-şərtsiz azad edilməsi barədə BMT-nin dörd qətnaməsi, ATƏT-in Budapeşt, Lissabon və İstanbul Sammitlərinin və AŞ PA –ın qətnaməsi əsasında Dağlıq Qarabağ problemiinin həlli və cinayətkarların cəzalandırılması tələb edilir. Deputat Fəzail İbrahimli hesab edir ki, azərbaycanlıların faciələrəninin başında Rusiya imperiya maşını dayanır və Xocalı soyqrımı bu sıradan biridir. Maraqlı olsa da, Xocalı hadisələri ilə bağlı bu günədək nə İnterpol, nə də Azərbaycanın hüquq-mühafizə orqanları bir nəfəri belə həbs etməyib, ancaq istintaq işləri də davam etdirilir.
Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev «Amerikanın səsi» radiosuna bildiprib ki, Xocalı soyqırımının törədilməsində 30 nəfər təqsirkar müəyyənləşdirilib və barələrində həbsli axtarış elan edilib.
Amerikanın Azərbaycandakı səfiri Enn Dersi bir neçə gün öncə Xocalı qurbanlarından birinə baş çəkib. Xanım Dersi Xocalı hadisəsini Azərbaycan tarixinin faciəli səhifəsi adlandırıb. «Başa düşürəm ki, bu nə dərəcədə kədərli hadisədir. Bu, Azərbaycan tarixində faciəli bir səhifədir. Mən bu dəhşətli faciə zamanı özündə cəsarət tapıb xilas olanların şücaətinə valehəm. Qurbanların ailələrinə, yaxınlarına, dostlarına, hamıya bu dəhşətli faciə münasibətilə baş sağlığı verirəm. Bir daha ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə olan sədaqətini bildirirəm. ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həll olunmasında səylərini əsirgəməyəcək. Bu isə regionda sülhə, əmin-amanlığa səbəb olacaq".
Beynəlxalq hüquq müdafiə təşkilatları, beynəlxalq mətbuat da birmənalı şəkildə Xocalı hadisələrini törədənləri pisləyib. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin 1992-ci il məlumatına görə, onların gözü qarşısında hadisə zamanı dörd gün ərzində götürülmüş 181 meyit, o cümlədən, 130 kişi, 51 qadın, 13 uşaq meyidi məhkəmə-tibbi ekspertizasından keçirilib. «Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yarası, 20 nəfərin ölümünə qəlpə yarası səbəb olub, 10 nəfər küt alətlə öldürülüb. Adamların diri-diri baş dərisinin soyulması faktını da qeydə almışıq»-deyə təşkilat bildirir. Belə faktları şahidlər də təsdiq edir. Xocalı soyqırımının qurbanı Xədicə Orucova atasını, anasını və bacısını itirib. Onun donmuş ayaqlarını isə erməni millətçiləri qaynar suda yandırıb və sonra kəsib.
Londonda nəşr olunan «Sandi Tayms” qəzeti 1992-ci il 1 mart nömrəsində yazırdı ki, erməni əsgərləri Xocalıda minlərlə azərbaycanlı ailəni məhv edib. “Tayms” qəzeti isə 4 mart 1992-ci il tarixli nəşrində Xocalıda çöxsaylı insanın meyitlərinin eybəcər hala salındığını, körpə qızın ancaq başının qaldığını bildirir. Moskvanın “İzvestiya” qəzeti 4 mart 1992-ci il nömrəsində, jurnalist Xocalıda bir qadının sifətinin yarısının kəsildiyini, kişilərin skalplarının götürüldüyünü yazıb. 14 mart 1992-ci ildə “Le Mond” qəzetinin müxbiri Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri gördüyünü yazıb. «Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır”-deyə qəzet bildirir.