Accessibility links

Azərbaycanda mülki şəxs minaya düşərək xəsarət alıb


İstehkamçı minaaxtaran itin köməkliyi ilə mina axtarrı (Foto ANAMA-dır)
İstehkamçı minaaxtaran itin köməkliyi ilə mina axtarrı (Foto ANAMA-dır)

Azərbaycanın azad edimiş Laçın rayonu (Bakıdan 404 kilometr qərb) ərazisində avqustun 3-də mina partlaması nəticəsində mülki şəxs xəsarət alıb.

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin məlumatına görə, Laçın rayonunun Vağazin kənd sakini Əli Süleymanov həmin rayonun Kalafalıq kəndi ərazisində Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Əli Süleymanov sol ayağından xəsarət alıb.

Azərbaycan hüquq mühafizə orqanları bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

Xatırladaq ki, bundan öncə, dünən, avqustun 2-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı 19 aprel 2024-cü il tarixdə əldə olunmuş razılaşma əsasında ölkəyə geri qaytarılmış Qazax rayonunun (Bakıdan 464 kilometr qərb) Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minaların partayışı baş verib. Nəticədə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Əhədli Xəyal və Minatəmizləmə Agentliyinin əməkdaşı Mehdizadə Afiq minatəmizləmə işləri zamanı xidməti vəzifələrini icra edərkən xəsarətlər alıb. Agentliyin əməkdaşları Ələkbərov Elçin və Mirzəyev Yavər isə qəlpə yaraları alıb.

Sonuncu məlumatlara görə, 2020-ci ilin noyabrından etibarən Azərbaycanın azad olunmuş ərazilərində mina partlaması nəticəsində 367 nəfər xəsarət alıb, onların 69-u ölüb.

Ekspertlərin fikrincə, Azərbaycanın azad edilmiş ərazilərində yüz minlərlə partlamamış mina var.

Forum

XS
SM
MD
LG