İyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi (Bakıdan 455 kilometr qərb) ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlaması nəticəsində üç mülki şəxs xəsarət alıb.
Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər, Müdafiə nazirlikləri və Minatəmizləmə Agentliyinin birgə məlumatında deyilir ki, Xəlifə Hüseynov piyada əleyhinə minaya düşərək xəsarət, onun arxasınca hərəkət edən Səməndər Məmmədov qəlpə yaraları alıb.
Daha sonra hadisə yerinə onlara köməyə gedən Rahim Qaraşov ikinci minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
“Bir daha vətəndaşlarımızı təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırırıq!”, məlumatda qeyd edilib.
Sonuncu məlumatlara görə, 2020-ci ilin noyabrından etibarən Azərbaycanın azad olunmuş ərazilərində mina partlaması nəticəsində 366 nəfər xəsarət alıb, onların 69-u ölüb.
Ekspertlərin fikrincə, Azərbaycanın azad edilmiş ərazilərində yüz minlərlə partlamamış mina var.