Accessibility links

Rəşad Məcid: Söz azadlığının məhdudlaşdırılmasını söyləmək absurddur


Rəşad Məcid
Rəşad Məcid

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Amerikanın Səsinə müsahibəsində ölkədə media azadlığının durumundan danışıb.

Rəşad Məcid: Söz azadlığının məhdudlaşdırılmasını söyləmək absurddur
please wait

No media source currently available

0:00 0:08:10 0:00

Amerikanın Səsi: 3 May - Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdür. Azərbaycanda söz və mətbuat azadlığının durmunu necə qiymətləndirərdiniz? Bu sahədə qanunvericilik və real münasibətlər azadlıqlar üçün təminat verirmi?

İndi hədsiz genişlənən informasiya məkanı var. Belə demək mümkündürsə, bəzən hətta peşəkarlar küncə sıxışdırılır.

Rəşad Məcid: Biz uzun illərdir ki, 3 may - Ümumdünya Mətbuat Azadlığı gününü Azərbaycanda da qeyd edirik. Bu bizim bəşəri prinsiplərə sədaqətimizin göstəricisidir. Azərbaycanda söz-mətbuat azadlığı sahəsində danışarkən ilk öncə 1998-ci ilin 6 avqustunda ümummilli lider Heydər Əliyevin "Azərbaycanda söz, fikir, məlumat azadlığının inkişafı sahəsində əlavə tədbirlər haqqında" fərmanını qeyd etmək lazımdır. Bu fərmanla Azərbaycanda uzun illərdən bəri mövcud olan senzura, mətbuatda dövlət sirlərini mühafizə edən baş idarə ləğv olundu. Ondan sonra qanunvericilikdə dəyişkliklər oldu, "KİV haqqında" qanun qəbul edildi. Bunların hamısı beynəlxalq qurumlar tərəfindən də müsbət qiymətləndirildi. Bilirsiniz ki, son illərdə cənab İlham Əliyevin atdığı addımlar, media sahəsində görülən işlər və yeni media qanununun qəbul olunması bu sahədə artıq dövrün tələblərinə uyğun olaraq yeni prinsipləri ehtiva etmək baxımından atılan addımlardır. Azərbaycan dövləti çalışır ki, həm mətbuatın iqtisadi vəziyyətinin yaxşılaşdırılması, həm də ümumi ab-havanın, azadlıqların genişləndirilməsi sahəsində öhdəsinə düşən öhdəlikləri yerinə yetirsin. İndi, bu gün informasiya məkanının genişləndiyi bir məqamda söz azadlığının məhdudlaşdırılmasından danışmaq da bir az cığallıq kimi çıxır. Bir az real deyil. İndi hədsiz genişlənən informasiya məkanı var. Belə demək mümkündürsə, bəzən hətta peşəkarlar küncə sıxışdırılır, jurnalistikanın yeni növləri meydana çıxır. Bu baxımdam əlbəttə, mən bir az xaotik vəziyyətdən şikayətçiyəm.

Amerikanın Səsi: Buna baxmayaraq Sərhədsiz Reportyorlar təşkilatının builki mətbuat azadlığı indeksində Azərbaycan mətbuat azadlığı ən pis olan ölkələr sırasında yer alıb? Bu qiymətləndirmə ilə razısınızmı?

Rəşad Məcid: Mən hesab edirəm ki, bu, ədalətsiz qiymətləndirmədir. Son illərdə biz dəfələrlə münasibət bildirərkən bu ədalətsizliyin kökləri barədə danışmışıq. Mənə elə gəlir ki, Azərbaycanda, xüsusiən indiki genişlənən informasiya məkanında söz azadlığının məhdudlaşdırılmasını söyləmək absurddur. Ola bilsin ki, hansısa başqa siyasi məqsədlər də daşıyır.

Amerikanın Səsi: Azərbaycanın "Media haqqında" yeni qanunu çoxsaylı beynəlxalq və yerli ekspertlərin tənqidinə yol açıb. Sizcə yeni qanunun qəbulu hansı zərurətdən irəli gəlib?

Yeni qanunu hazırlayan mütəxəssislər peşəkar insanlardır. Sanballı bir qanun ortaya qoyublar.

Rəşad Məcid: Əvvəla qanunla bağlı onu deyim ki, Azərbaycanda yeni qanun çox əhatəlidir. Əvvəllər media haqqında belə geniş əhatəli qanun olmayıb. "KİV haqqında" qanun var idi və biz həmişə şikayətlənirdik ki, sürətli zaman, yeni texnologiyalar qanunun dəyidirilməsini zəruri edir. Bu baxımdan yeni qanunu hazırlayan mütəxəssislər peşəkar insanlardır. Sanballı bir qanun ortaya qoyublar. Düzdür qanunun qəbul olunması ərəfəsində çoxsaylı müzakirələr aparıldı. Müəyyən tənqidi məqamlar da oldu. Amma mən qanunda hansısa bir ciddi problem, söz azadlığına məhdudiyyət yaradacaq problem görmürəm. Bu mövqenin tərəfdarlarını da çox zaman cığallıqda qınayıram.

Amerikanın Səsi: Ekspertlər ölkədə çap mediasının durmunu acınacaqlı qiymətləndirir. Sizcə çap mediasında məlumatların məzmunu, oxucu kütləsi, çap mediasının insanlara çatdırılması ilə bağlı hansı problemlər var?

Qəzetlərin satışı demək olar ki, tamamilə azalıb. Qəzetlərə rekalm verilməsi artıq sıfıra yaxınlaşıb.

Rəşad Məcid: Mən ömrünü çap mediasına, yazılı mətbuata həsr etmiş bir adam kimi uzun illər bunu dilə gətirməkdən qorxurdum. Çəkinirdim ki, artıq zaman dəyişib çap mediası öz son dövrünü yaşayır. Amma bizim istəyimizdən asılı olmayaraq artıq görürük ki, yeni texnologiyalar çap mediasını üstələyir. Bir neçə dəfə demişəm. Azərbaycan dövlətinin dəstəyi olmasa idi, bizim qəzetlər çoxdan sıradan çıxmışdı. Çünki qəzetlərin satışı demək olar ki, tamamilə azalıb. Qəzetlərə reklam verilməsi artıq sıfıra yaxınlaşıb. Bu baxımdan qəzetlərin özünü maliyyələşdirmə imkanı yoxdur. Qəzetlər agentliyin (Media agentliyi-red), dövlətin hansısa layihələri əsasında çap olunur. Şübhəsiz ki, forma dəyişikliyi gedəcək. Qəzetlərlə yeni media arasında, şübhəsiz klassik media tərəfdarlarının baxışları arasında xəttlər var. Biz şübhəsiz daha çox təhlil yazılarının, biz daha çox araşdırma yazılarının tərəfdarıydıq. Amma bugünkü mediadan qısa xəbərlər, hətta süni intellektin yarada biləcəyi xəbərlər tələb olunur. Bu baxımdan elə bilirəm ki, bir az bizim baxışlarımızda fərq var.

Amerikanın Səsi: Bir sıra ekspertlər qeyd edir ki, Azərbaycanda rəsmi senzura ləğv edilsə də, jurnalistlərin və mətbuatın başı üzərində qeyri-rəsmi senzura damokl qılıncı var. Siz necə hesab edirsiniz? Yəni hökumət mətbuata kömək etməklə, jurnalistlərə ev verməklə və digər vasitələrlə jurnalistləri qeyri-rəsmi senzuraya çəkirmi?

O qədər jurnalistlər varki doğrudan peşəkardırlar, amma onların ev almaq imkanı yox idi.

Rəşad Məcid: İndi jurnalist adına iddia edənlər həddindən artıq çoxdur. İndi dediyim kimi genişlənən və yeniləşən informasiya məkanında, həm internet məkanında, həm yeni blogerlər, digər fəal sosial şəbəkə istifadəçiləri ortaya çıxıb. Bunlara hansısa məhdudiyyətlərin tətbiq edilməsini söyləmək mənə elə gəlir ki, absurddur. Ev məsələsi ilə bağlı müxtəlif fikirlər olub. Həmişə mən demişəm, indi bizim jurnalsitikamızın iqtisadi vəziyyəti zəif olduğuna görə, Azərbaycanda reklam bazarı qıt olduğuna görə vaxtı ilə belə bir addım atıldı. Mən bunu savab və xeyirxah iş kimi qymətləndirirəm. O qədər jurnalist var ki, doğrudan peşəkardırlar, amma onların ev almaq imkanı yox idi. Bu baxımdan hesab etmirəm ki, bu, hansısa məhdudiyyətlər yarada bilər. Ola bilər ki, bu, mənəvi bir ehtiyatlılıq yarada bilər. Amma indi dediyim kimi hədsiz genişlənən informasiya məkanı və jurnalist adına iddialı olanların çox olduğu bir məqamda bundan yapışmaq düzgün və ədalətli deyil.

Amerikanın Səsi: Hüquq-müdafiə təşkilatları hazırda 6 nəfər jurnalist və blogerin həbsdə olduğunu bildirir. Fikrinizcə diffamasiyanın dekriminallaşdırılması ilə bağlı qanunun qəbulunun vaxtı çatıbmı?

Bir çox dələduzlar məhz jurnalist adı altında pərdələnərək öz cinayətkar niyyətlərini həyata keçirirlər.

Rəşad Məcid: Mən Prezident yanında Əfv məsələləri komissiyasının üzvüyəm. Orada da birdən ayrı-ayrı müraciətlərin içərisində jurnalist fəaliyyəti ilə məşğul olnların da müraciəti olur. Düzü bir neçə belə hala rast gələndə mən axtardım-araşdırdım, hətta bu sahədə ən məlumatlı insanlardan sorğuladım ki, belə bir qəzet və yaxud belə bir jurnalist tanıyırsınızmı? Ona görə də indi bilirsiniz, bir çox dələduzlar məhz jurnalist adı altında pərdələnərək öz cinayətkar niyyətlərini həyata keçirirlər. Bunların hamısına jurnalist demək mənə elə gəlir ki, özümüzün peşəmizə hörmət baxımından da düzgün deyil. Mətbuat Şurası olaraq heç vaxt əsl peşəkar jurnalsitin həbsdə olmasını arzulamırıq. Buna qarşıyıq.

Qeyd: Bu, Mətbuat Şurasının sədrinin fikirləridir. Azərbaycanın bir sıra hüquq-müdafiə təşkilatları söz və mətbuat azadlığının məhdudlaşdırıldığını bildirir. Onların fikrincə, ölkədə müxalif və müstəqil mətbuat sıxışdırılır və onların əksəriyyəti artıq bağlanıb. Azadlıq radiosunun ölkədə yayımı dayanırılıb. Çoxsaylı internet saytlarının və internet televizyalarının saytalrına giriş məhkəmə qərarları ilə məhdudlaşdırılıb.

Avropa Şurası Parlament Assambleyası 2022-ci ilin oktyabrında Azərbaycanda jurnalistlərə qarşı təhdidləri araşdırmaq üçün məruzəçi təyin edib.

Azərbaycan Sərhədsiz Reportyorlar təşkilatının bu il yayımladığı mətbuat azadlığı indeksində 180 ölkə arasında 151-ci yerdə, mətbuatın azad olmadığı ölkələr sırasında yer alır.

Rəsmi Bakı isə ölkədə bütün hüquq və azadlıqların qorunduğunu, jurnalistlərin sərbəst fəaliyyəti üçün tam şərait yaradıldığını bildirir.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG