Accessibility links

Həkim: Quru aclıq Bəxtiyar Hacıyevin sağlamlığı üçün həddindən artıq təhlükəlidir


Bəxtiyar Hacıyev Xətai Rayon Məhkəməsindən aparılır
Bəxtiyar Hacıyev Xətai Rayon Məhkəməsindən aparılır

Həbsdə olan insan hüquqları fəalı Bəxtiyar Hacıyev 40 gündür aclıq edir. O, fevralın 16-dan quru aclığa keçib, su içməkdən imtina edib.

Tibb elmləri doktoru Adil Qeybulla Amerikanın Səsinə bildirib ki, Hacıyevlə bağlı təcili müvafiq qərar qəbul edilməlidir.

"Bəxtiyar həqiqətən də quru aclıq edirsə, bu, onun sağlamlığı üçün həddindən artıq təhlükəlidir. Bir insan susuz və yeməksiz maksimum iki həftə dayana bilər, çünki qan qatılaşır və böyrəklərin funksiyası pozulur. Amma Bəxtiyar Hacıyevin artıq uzun müddətdir aclıq etdiyini nəzərə alaraq, onun limiti xeyli azdır. O, maksimum bir həftə dözə bilər. Quru aclıq onun orqanizmində geri dönməz patoloji dəyişikliklərə səbəb ola bilər", Qeybulla qeyd edib.

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan fəal səhhəti kəskin pisləşdiyindən fevralın 11-də Penitensiar Xidmətinin Müalicə müəssisəsinə köçürülüb.

Bu gün, fevralın 17-də vəkil Elçin Sadıqov Bəxtiyar Hacıyevlə görüşdən sonra Amerikanın Səsinə bildirib ki, o, quru aclığı davam etdirir.

“Hacıyev dünəndən quru aclığa başlayıb. Mən çalışdım ki, onu quru aclığı davam etdirməsindən çəkindirirm. Amma, o dedi ki, quru aclığı davam etdirəcək”, vəkil qeyd edib.

Vəkilin sözlərinə görə, Hacıyev hazırda yataq rejimində həkim nəzarətindədir.

“Onun palatasında bir nəzarətçi oturdublar ki, böhranlı hal yaranarsa tibbi heyətə təcili xəbər versin. Onun səhhəti çox ağırdır, yeriməyində xeyli problemlər mövcuddur. Çəkisi bu gün 66,7 kiloqram olub. Qan təzyiqi çox aşağıdır, nəbzi zəif vurur. Onun vəziyyəti kritikdir. Düşünürəm ki, azadlığı ilə bağlı qərar verilməlidir”, o qeyd edib.

Öz növbəsində Penitensiar Xidmətdən vəkilin dedikləri ilə bağlı şərh almaq hələ mümkün olmayıb.

Ombudsman Aparatının Mətbuat xidmətindən Amerikanın Səsinə bildirblər ki, Bəxtiyar Hacıyevin vəkili Elçin Sadıqov və atası İlyas Hacıyev fevralın 16-da ombudsmanın çağrı mərkəzinə telefonlıa müraciət edib.

“Hazırda Ombudsman Aparatı onların çağrıçı ilə bağlı müvafiq tədbirlər görür”, Mətbuat xidmətinin rəhbəri Emil Şahzadə Amerikanın Səsinə deyib.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu həbsdən azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.

1 saylı Bakı İstintaq Təcridxanasından fevralın 11-də Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülən insan haqları fəalı 40 gündür aclığı davam etdirir. O özünün və bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edir.

Fəal, həmçinin darısqal, havalandırılmayan otaqda saxlanma şəraitindən və açıq havaya çıxarılmamasından şikayət edib.

"Bəxtiyar Hacıyev hələ də tibbi yardımdan, xüsusən qidalandırıcı maddələrlə sistem qoşulmasından imtina edir. Digər tərəfdən, Penitensiar Xidmətin Müalicə Müəssisəsində onu normal müayinə etmirlər. O, professor Adil Qeybullanın ona baş çəkməsini xahiş edib", fəalın adaşı vəkil Bəxtiyar Hacıyev fevralın 16-da Amerikanın Səsinə deyib.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

XS
SM
MD
LG