Accessibility links

Vəkil: Bəxtiyar Hacıyev Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb, aclığı davam etdirir 


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Fevralın 11-də gecə saatlarında insan haqları fəalı Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb. Hacıyev 34 gündür aclıq edir.

Bu barədə Amerikanın Səsinə onun qardaşı Vüqar Hacıyev bildirib.

Vüqar Hacıyev: Qardaşımın səhhəti çox ağırdır
please wait

No media source currently available

0:00 0:01:27 0:00

Onun sözlərinə görə, Bəxtiyarın iradəsinin əksinə olaraq, anasının müraciətinə baxmayaraq gecə saatlarında müalicə müəssisəsinə köçürülüb.

“Mən bu gün, fevralın 11-də müalicə müəssisəsində Bəxtiyarla görüşdüm. Onun səhhəti ağır olaraq qalır. Qanından analiz götürüblər. Məcburi qida və qidalandırıcı sistem köçürməyiblər. Bəxtiyar hazırda su qəbul edir, qida qəbul etmir. Aclığı sonadək davam etdirməkdə inadlıdır. O danışa bilirdi. Amma, səhhəti çox ağırdır. Hədsiz arıqlayıb”, o qeyd edib.

Bu gün vəkillər Elçin və Zibeydə Sadıqovlar da müalicə müəssisəsində Bəxtiyar Hacıyevlə görüşüb.

Görüşdən sonra vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, Hacıyevin səhhəti çox ağırdır.

Vəkil: Bəxtiyar Hacıyev Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb, aclığı davam etdirir
please wait

No media source currently available

0:00 0:03:00 0:00

“Dünən axşam saat 20 radələdində onu məcburi qaydada Penitensiar Xidmətin Müalicə müəssisəsinə gətiriblər. Bildirdi ki, gətirilən zaman istintaq təcridxanasının Rəşad adlı rəis müavini ona qarşı kobudluq edib. Onun qeydlərini, telefon kodlarını, məhkəmənin qərarlarını, hətta səhhəti ilə bağlı gündəlik apardığı qeydləri qanusuz olaraq məcburi qaydada əlindən alıb”.

Vəkilin sözlərinə görə, Hacıyev müalicə müəssisəsində müəyyən müayinələrdən keçirilib.

“O aparılan müayinələri qənaətbəxş hesab etmir. Hacıyev aclığı son anadək davam etdirəcəyini bildirdi”.

Dünən Bəxtiyar Hacıyevlə ombudsmanın nümayəndəsi iki həkimlə birgə və Beyənlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi görüşüb.

“Onlar Hacıyevin səhhətinin həddən artıq pis olduğunu görüblər”.

Vəkilin dediyinə görə, Bəxtiyar Hacıyevin çəkisi 68,5 kiloqrama düşüb.

“Bədən temperaturu 36 civarındadır, qan təzyiqi 90/60, nəbzi dəqiqədə 66-dır”.

Sadıqov deyib ki, Hacıyevin razılığı olmadan məcburi qidalandırıla bilməz, ona qidalandırcı sistem köçürülə bilməz.

“Qanunvericilik bunu tamamilə qadağan edir. Qanunvericiliyə görə, insan huşunu tam itirdikdən sonra məcburi qidalandırma baş verə bilər. Bəxtiyar bildirdi ki, qidalandırmaya və hər hansı qidalandırcı inyeksiyaya icazə verməyəcək,” vəkil Amerikanın Səsinə deyib.

Fevralın 9-da tibb elmləri doktoru Adil Qeybulla istintaq təcridxanada Bəxtiyar Hacıyevi müayinə etdikdən sonra onun komaya düşəcəyini istisna etməyib.

“Hesab edirəm ki, onun səhhətində getdikcə zəifləmə təbiidir. Əlbəttə aclığı davam etdirərsə təzyiqi, şəkəri daha da düşər, vəziyyəti daha da pisləşər, komatoz (beyin qan dövranının pozulması və beyin toxumalarının toksik zədələnməsi) duruma düşə bilər. Bu təhlükələr var,” o, Amerikanın Səsinə bildirib.

Hacıyev fevralın 10-da vəkili vasitəsi ilə Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçrülməsinin əleyhinə olduğunu bəyan edib.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinin sorğusuna cavabda Bəxtiyar Hacıyevin müalicə müəssisəsinə köçürülməsini təsdiq ediblər.

“Həm Bəxtiyar Hacıyevin vəkili onun müalicə müəssisəsinə köçürülməsi üçün müraciət edib, həm də müalicə müəssisəsi mütəxəsislər, tibbi avadanlıqlar cəhətdən daha ixtisaslaşdırılmış müəssisədir. Bu səbəbdən oraya köçürülüb. Sağlamlıq durumunda hər hansı ciddi problem yoxdur”, İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov Amerikanın Səsinə deyib.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 34 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə 14 gün aclıq edib.

Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə “Azadlıq Bəxtiyarın haqqıdır!” devizi ilə video müraciət yayıblar.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

XS
SM
MD
LG