Avropa İttifaqı Nümayəndəliyi həbsdə olan vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyevin səhhətinin sürətlə pisləşməsi ilə bağlı çox narahatdır.
Bu barədə Avropa İttifaqı Nümayəndəliyi Facebook-da yaydığı bəyanatda deyilir.
“Biz bir daha hakimiyyət orqanlarını onu tez bir zamanda azad etməyə və vətəndaş cəmiyyəti subyektləri üçün təhlükəsiz və əlverişli mühitin yaradılması istiqamətində çalışmağa çağırırıq” - bəyanatda deyilir.
İnsan haqları fəalı Bəxtiyar Hacıyev niyə həbsdədir?
Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.
O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 30 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrında 14 gün aclıq edib.
Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə “Azadlıq Bəxtiyarın haqqıdır!” devizi ilə video müraciət yayıblar.
Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.