Accessibility links

Məhkəmə növbəti dəfə Bəxtiyar Hacıyevi ev dustaqlığına buraxmadı, insan haqları fəalı 31 gündür aclıq edir


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Fevralın 8-də Bakı Apellyasiya Məhkəməsində insan haqları fəalı Bəxtiyar Hacıyevın barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə dəyişdirilməsi barədə vəsatətlərin Xətai Rayon Məhkəməsinin təmin etməməsi qərarından apellyasiya şikayətinə baxlıb.

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, apellyasiya məhkəməsi şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Onun sözlərinə görə, məhkəmə iclasında Bəxtiyar Hacıyev də iştirak edib:

“Onun səhhəti artıq yaxşı deyil. Həddindən çox arıqlayıb. Dünən axşam halı pisləşib. Hətta titrətməsi olub. Həkim ona dərman verməyib. Bildirib ki, mədəsində problem ola bilər. Bu gün ağrılar ona yatmağa imkan verməyib, yalnız səhər saat 4.30-da yuxuya gedə bilib. Aclığı hələ də davam etdirir.”

Bundan əlavə vəkil qeyd edib ki, Bəxtiyar Hacıyev vəkilinə və Ombudsmana zəng etmək istəsə də ona imkan verilməyib.

“Bəxtiyar həm də məhkəməyə, Ombudsmana, Baki İstintaq Təcridxanasinin rəhbərliyinə vəsatət hazırlayıb. Lakin yazdıqları onun əlindən alınıb”, vəkil bildirib.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.

İnsan haqları fəalı Bəxtiyar Hacıyev niyə həbsdədir?

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 30 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib

Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə “Azadlıq Bəxtiyarın haqqıdır!” devizi ilə video müraciət yayıblar.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

XS
SM
MD
LG