İnsan haqları fəalı Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında 30 gündür aclığı davam etdirir. O, həbsinə etiraz və bütün siyasi məhbuslara azadlıq tələb edir.
Fevralın 7-də vəkillər Zibeydə Sadıqova və Cavad Cavadov təcridxanada Hacıyevlə görüşüb.
Vəkil Zibeydə Sadıqova görüşdən sonra Amerikanın Səsinə bildirib ki, Bəxtiyar Hacıyev aclığı sonadək davam etdirmək iradəsindədir.
“O, aclığa uyğun olaraq çox arıqlayıb. Hətta o qədər arıqlayıb ki, sifətinin sümükləri görünür. Qan təzyiqi çox aşağıdır. Bu da aclıqdan irəli gəlir. Qanda şəkərin səviyyəsi normadan aşağıdır, 4,2-dir. Vaxtaşırı huşunu itirir, gözü qaralır, əllərində uzun müddət keyləşmə olur, mədəsində küt ağrılar var”, o bildirib.
Vəkilin sözlərinə görə, ona qidalandırıcı sistem köçürülmür.
Sadıqova Hacıyevin Pentensiar Xidmətin müalicə müəssisəsinə köçürülməsi ilə bağlı Penitensiar Xidmətə və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciətinə hələ cavab verilmədiyini bildirib.
“Vəkillər Bəxtiyar Hacıyevin müalicə müəssisəsinə köçürülməsinin təmin edilməsi məqsədi ilə Sabunçu rayon Məhkəməsinə müraciət edib. Fevralın 9-da məhkəmə olacaq”, o qeyd edib.
Vəkillər həmçinin Hacıyev barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə dəyişdirilməsi barədə vəsatətlərinin Xətai Rayon Məhkəməsinin təmin etməməsi qərarından apellyasiya şikayəti verib.
Vəkilin sözlərinə görə, Hacıyev Türkiyədə zəlzələ nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı verib və dostlarından, tanışlarından, ictimai fəallardan zərərçəkmişlərə yardım üçün səylərini əsirgəməməyi xahiş edib.
Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.
Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.
O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 30 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib
Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə “Azadlıq Bəxtiyarın haqqıdır!” devizi ilə video müraciət yayıblar.
Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.