Accessibility links

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı: Mən Azərbaycan hakimiyyətini Bəxtiyar Hacıyevi azad etməyə çağırıram


Dunya Miyatoviç
Dunya Miyatoviç

"Azərbaycanda tanınmış vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyevin həbsi və hələ də həbsdə saxlanılması hökumətin ölkədə müstəqil vətəndaş fəallığına qarşı dözümsüzlüyünün növbəti nümunəsidir".

Bu barədə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin fevralın 3-də yaydığı bəyanatda deyilir.

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı bəyanatında qeyd edir ki, bir çox digər fəallar, hüquq müdafiəçiləri və jurnalistlər kimi, Hacıyev də uzun illər ərzində cinayət təqibi, təhdid və fiziki zorakılıq da daxil olmaqla repressiya və hədə-qorxuların hədəfinə çevrilib.

“Təkcə keçən il o, oğurlanıb və pis rəftara məruz qalıb. Azərbaycan hakimiyyəti səmərəli istintaq apara bilməyib və həmin cinayəti törədənləri cəzalandırmayıb. Bunun fonunda cənab Hacıyevin həbsinin davam etdirilməsi və onun həbs-qətimkan tədbiri ilə dəyişdirilməsindən dəfələrlə imtina edilməsi əsassızdır”, bəyanatda deyilir.

Dunya Miyatoviç insan hüquqları fəalı Bəxtiyar Hacıyevin səhhətinin pisləşməsindən də narahat olduğunu diqqətə çatdırıb.

“Onun həbsdə səhhətinin sürətlə pisləşməsi və adekvat tibbi yardım almaması ilə bağlı xəbərlər məni xüsusilə narahat edir. Mən Azərbaycan hakimiyyətini cənab Hacıyevi dərhal həbsdən azad etməyə və ona təcili olaraq ehtiyacı olan tibbi yardımdan tam istifadə etməyə imkan verməyə çağırıram”- komissar qeyd edib.

Komissar həmçinin bəyanatında jurnalist Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun həbsini xatırladıb.

“Azərbaycanda vətəndaş cəmiyyəti subyektlərini qorxutmağın dərhal dayandırılmasının vacibliyini bir daha bildirdim. Azərbaycan hökuməti kursunu dəyişməli, həqiqi dialoq və əməkdaşlığa əsaslanan fəaliyyətləri üçün təhlükəsiz və əlverişli mühitin yaradılması istiqamətində çalışmalıdır” o bildirib.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 26 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib

Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə "Azadlıq Bəxtiyarın haqqıdır!" devizi ilə video müraciət yayıblar.

Qeyd edək ki, vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

Bəyanatla bağlı hələlik, Azərbaycan hökuməti münasibət bildirməyib. Ancaq hökumət bir qayda olaraq təşkilatların bu kimi tənqidlərini qəbul etmir. Hakimiyyət təmsilçiləri ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin edildiyini bildirir.

XS
SM
MD
LG